Azərbaycanda duru yağların qiymət artımının səbəbləri açıqlandı – ARAŞDIRMAbackend

Azərbaycanda duru yağların qiymət artımının səbəbləri açıqlandı – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda təkcə Azərbaycanda deyil, eləcə də bütün dünyada duru yağ qiymətlərində artım müşahidə olunur. Ölkəmizdə bunun səbəblərindən biri kimi Rusiya-Ukrayna münaqişəsinin yaratdığı mənfi təsirlər göstərilir.

Belə ki, bu ilin ilk iki ayında Azərbaycan xaricdən 11,12 milyon ABŞ dolları dəyərində 8 030 ton günəbaxan yağı alıb.

NOCOMMENT.az xəbər verir ki, “Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 16,4%, kəmiyyət olaraq – 28,6% azdır.

Rusiyadan 10,76 milyon ABŞ dolları dəyərində 7 min 812 ton, Türkiyədən 252,31 min ABŞ dolları dəyərində 133,78 ton, Ukraynadan 139,84 min ABŞ dolları dəyərində 77,15 ton, İtaliyadan 14,1 min ABŞ dolları dəyərində 5,86 ton, Belarusdan 2,81 min ABŞ dolları dəyərində 1,3 ton, Almaniyadan 0,09 min ABŞ dolları dəyərində 0,03 ton məhsul gətirilib.

Azərbaycanda duru bitki yağları istehsalında azalma müşahidə olunur. Belə ki, bu ilin yanvar-mart ayları ərzində ölkədə 12 min 979,6 ton duru bitki yağları istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,1% azdır. 2021-ci ildə Azərbaycanda 52,4 min ton duru yağ istehsal olunduğu halda, xaricdən 74 min ton günəbaxan və qarğıdalı yağları idxal olunub.

Hazırda daxili bazarda günəbaxan yağına olan tələbatın yüksəlməsi və qiymət artımı müşahidə olunmaqdadır. Yaranmış vəziyyətlə bağlı apardığımız araşdırma zamanı məlum olub ki, qiymət artımının səbəblərindən biri də yerli istehsalın az olmasıdır.

Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, dünya bazarında qiymətlərlə bağlı çox ciddi problemlər var:

“Ukrayna-Rusiya müharibəsi, sanksiyalar həm Avropanın özündə, həm də Rusiyada, Ukraynada çox ciddi problemlər yaradıb. Biz də bu dövlətlərdən kifayət qədər məhsul idxal edirik. O cümlədən, müəyyən qədər duru yağlar da alırıq. Ona görə də qiymətlər kifayət qədər artıb. Yağdan əlavə, idxal etdiyimiz əksər məhsulların qiymətində artım baş verib. Qiymət artımına qarşı tədbirlər həyata keçirilir, amma elə məsələlər də var ki, bu, hökumətdən, dövlətdən asılı deyil”.

Millət vəkili Azərbaycanda duru yağın istehsalı məsələlərinə də toxunub:

“Ölkəmizdə duru yağ istehsalı o qədər də ciddi rəqəmlərlə müşahidə olunmur. Düzdür, kənd təsərrüfatında bu istiqamətdə müəyyən addımlar atılmalıdır, çünki yağa kifayət qədər ehtiyacımız var, ona görə də idxal edirik. Amma yaxşı olardı ki, özümüz özümüzü təmin edək. Çox təəssüf ki, bu sektorda müəyyən problemlər var. Vaxtında müəyyən qədər işlər görsəydik, kənd təsərrüfatında artımda aktivlik olar və yağ istehsalında hazırkı problem olmazdı”.

İqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, bitki yağları bir çox ölkələrdə, o cümlədən də Azərbaycanda inflyasiyanın təsirinə daha çox məruz qalan ərzaq məhsullarıdır.

“Biz əvvəlki illərdə də bu məhsulun (istər qarğıdalı yağı olsun, istərsə də digər bitki yağları) qiymətinin daha həssas, daha çevik olduğunu müşahidə etmişik. Məsələn, orta inflyasiyanın 5% olduğu illərdə bitki yağlarının qiymətində 15-20%-ə qədər artım müşahidə etmişik. Bunun da bir sıra özünəməxsus səbəbləri var. Bunlardan birincisi, bu məhsullar üzrə idxaldan asılılığının çox olması, ikincisi isə ölkədə olan istehsal subyektlərinə baxdıqda bu məhsul istehsalçılarının sayının çox olmamasıdır və idxal etdiyimiz ölkələrin özündə belə, qiymət artımları bu vəziyyətə gətirib çıxarır.

Hər bir ölkə öz ərzaq təhlükəsizliyini qorumaq üçün müxtəlif ərzaq məhsullarının ixracına qadağalar qoyur. Məsələn, son dövrlərdə Türkiyədə yağla bağlı belə qadağa oldu ki, bu da məhsulun dünya bazarındakı qiymətinə təsir edir. Eyni zamanda, Rusiya və Ukraynanın dünya qarğıdalı istehsalının 20%-dən çoxuna sahiblənməsi qiymət artımına səbəb olur. Bu münaqişə zəminində istehsal zəncirində ciddi fasilələrin yaranması və istehsal həcmlərinin ciddi şəkildə azalması səbəbindən qiymət artımları müşahidə olunur”.