“Bu ilin 9 ayında ölkəyə ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,9 faiz çox ət idxal edilib. Rəqəmlərdən də göründüyü kimi, son illər ət idxalı artır. Dondurulmuş ət və ət məhsulları əsasən, dövlət satınalmalarında, məsələn, orduda və digər yerlərdə istifadə olunur. Amma həmin ət məhsulları restoran və kafelərə də verilir. Bununla yanaşı, ölkəyə diri mal-qaranın gətirilməsi ilə bağlı göstəricilər də artıb. Bu deməkdir ki, özümüz ölkənin ət ehtiyacını təmin edə bilmirik. Ona görə də idxal artıb”.
NOCOMMENT.az xəbər verir ki, bunu Bakupost.az -a iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, son illər iri və xırda buynuzlu mal-qaranın ölkəyə idxalı sürətlə artır. Bunun səbəbləri isə müxtəlifdir:
“Söhbət həm də yerli idarəetmədən qaynaqlanan səbəblərdən gedir. Belə ki, 4 il öncədən texniki bitkilərin əkilməsinə üstünlük verildi. Nəticədə bu, yem bazasına təsir etdi. Yem az olduğu üçün bahalaşdı və xaricdən idxalın artmasına səbəb oldu”.
İqtisadçı ekspert Xalid Kərimli isə bildirib ki, hazırda Azərbaycanda ev təsərrüfatları təbii otlaq sahələrinin azalması səbəbindən heyvanları ot bağlamaları ilə bəsləmək məcburiyyətində qalırlar. Yəni xərc artıb, saxlanılan heyvanların sayında isə azalma var:
“Ev heyvanlarının bəslənməsi üçün xərclər çoxalıb. Ona görə də heyvan saxlamaq sərfəli deyil. Beləcə tədricən iribuynuzlu mal-qara və qoyun sayında azalma olur və tələbat ödənilmir. Nəticədə də ölkəyə ət idxalı artır”.