Pakistan Azərbaycana ət ixracına başlamaq üçün rəsmi icazə alıb.
Maraqlıdır, bu qərar Azərbaycanın daxili ət bazarına, qiymətlərə və yerli istehsalçılara necə təsir edəcək?
NOCOMMENT.az xəbər verir ki, bu qərarın daxili bazara təsiri ilə bağlı KONKRET.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Pakistan ətinin bazara daxil olması ölkədə qiymət dinamikasına və istehsalçı davranışına bir neçə istiqamətdə təsir göstərə bilər.
Onun sözlərinə görə, xarici ətin gətirilməsi təklifi artıraraq qiymətlərin müvəqqəti də olsa enməsinə səbəb ola bilər:
“Əgər Pakistan ətinin qiyməti yerli ətlə müqayisədə ucuz olarsa, istehlakçılar təbii olaraq ucuz variantı seçəcək. Bu da yerli ət bazarında qiymətlərə təzyiq yaradacaq”.
İqtisadçı qeyd edib ki, bu vəziyyət xüsusən kiçik yerli istehsalçılar üçün çətinliklər yaradacaq:
“Rəqabət güclənəcək, nəticədə kiçik istehsalçılar bazardan sıxışdırıla bilər. Böyük istehsalçılar isə məhsulun keyfiyyətini artırmaq, çeşidi genişləndirmək və istehsal xərclərini azaltmaq məcburiyyətində qalacaqlar”.
Akif Nəsirlinin fikrincə, istehlakçılar üçün isə vəziyyət daha müsbət olacaq:
“Bazara xarici ətin daxil olması ilə həm seçim imkanı, həm də əlçatanlıq artır. Qısamüddətli dövrdə qiymətlər aşağı düşə bilər, uzunmüddətli perspektivdə isə yerli istehsalçılar rəqabətə uyğunlaşaraq məhsul keyfiyyətini yüksəltməyə çalışacaqlar”.
Beləliklə, Pakistan ətinin Azərbaycana ixracı daxili bazarda qiymətlərin nisbətən sabitləşməsinə və daha sağlam rəqabət mühitinin formalaşmasına gətirib çıxara bilər.