Azərbaycanda fonoqram oxumaq qadağan ediləcək?backend

Azərbaycanda fonoqram oxumaq qadağan ediləcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda müğənnilərə ictimai tədbirlərdə fonoqram oxumağın qadağan edilməsi məsələsi yenidən gündəmə gəlib.

Bildirilir ki, əsl sənətkarları saxta müğənnilərdən ayırmaq üçün fonoqram qadağan edilməli və bununla bağlı rəsmən qərar verilməlidir. Doğrudur, bir çox insanlar bunu dəstəkləyir, lakin qadağa təklifinə qarşı çıxanlar da az deyil.

NOCOMMENT xəbər verir ki, mövzu ilə bağlı modern-ə danışan Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü Aqil Abbas fonoqramı dəstəkləmədiyini, canlı ifalara üstünlük verdiyini deyib.

“Düşünürəm ki, müğənni mahnını canlı ifa etməlidir. Xüsusilə də səhnədə, konsert zallarında fonoqram oxumaq düzgün deyil. Ancaq nəzərə almaq lazımdır ki, müğənninin, xanəndənin səsi həmişə yerində olmur. Bu baxımdan fonoqram oxumağı qadağan etmək nə qədər doğrudur, bunu bilmirəm. Müğənni və xanəndələrin gündə 3-4 dəfə efirə çıxdığını nəzərə almaq lazımdır. 4-5 efirə çıxıb canlı musiqi ifa etməyə müğənninin və xanədənin səsi yetməz”, – deyə deputat vurğulayıb.

Azərbaycanın Xalq artisti, sevilən xanəndə Mənsum İbrahimov isə fonoqramın qadağan olunmasını istədiyini söyləyib.

Onun sözlərinə görə, mədəniyyət saraylarında və konsert zallarında müğənni mahnını canlı ifa etməlidir: “Bəzən təbiətdə, kütləvi tədbirlərdə, çəkilişlərdə texniki məsələlərə görə fonoqram oxunur. Polad Bülbüloğlunun zamanında Heydər Əliyev Sarayında da fonoqramla oxumaq qadağan edilmişdi. Çünki fonoqram canlı ifanın yerini vermir.

Məsələn, mən deyə bilərəm ki, muğam müsabiqələrinə hazırladığımız uşaqlar, gənclər əsl sənət göstərirlər. Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən Muğam müsabiqlərində iştirak edən gənclərin 90 faizi məhz canlı musiqi ifa edirlər”.

Qeyd edək ki, Qırğızıstanda müğənnilərə fonoqram oxumaq qadağan edilib. 2023-cü il yanvarın 1-dən qüvvəyə minən qərara əsasən, Qırğızıstanda müğənnilərə kütləvi tədbirlərdə və bütün dövlət mədəni-maarif müəssisələrində fonoqram altında çıxış etmək qadağan olunub. Fonoqramla bağlı qadağa teatrlarda, filarmoniya və konsert zallarında, kinoteatr, klub, muzey və kitabxanalarda, eləcə də idman müəssisələrində keçirilən tədbirlərə də şamil edilir.