Son günlər ölkəmizdə qış mövsümündə havanın temperaturunun aşağı düşməsi ilə əlaqədar mövsümi xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma hallarının artması ehtimalı yaranır. Bununla əlaqədar adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub.
NOCOMMENT.az xəbər verir ki, bununla bağlı Müdafiə və Səhiyyə nazirlikləri birgə məlumat yayıb.
Bildirilib ki, hərbi hissələrin qapalı və ictimaiyyətlə məhdud ünsiyyət şəraitində olması komandir-rəis heyəti və hərbi tibb personalı tərəfindən hərbi qulluqçuların sağlamlıgının qorunması məqsədilə effektiv qabaqlayıcı tədbirlərin keçirilməsinə imkan yaradır. Şəxsi heyətlə maarifləndirici söhbətlərin aparılması, onlara düzgün qidalanma və fərdi gigiyena qaydalarının, gündəlik fəaliyyətlər zamanı kompleks profilaktik tədbirlərin vacibliyinin çatdırılması sayəsində yoluxma hallarının qarşısının alınması təmin edilir.
Respirator virus infeksiyalara yoluxma hallarının qarşısının alınması məqsədilə görülən tədbirlərin effektivliyinin təmin edilməsini nəzərə alaraq ictimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi xahiş edirik.