Azərbaycanda məktəblər yenidən bağlanacaq? – AÇIQLAMAbackend

Azərbaycanda məktəblər yenidən bağlanacaq? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ənənəvi təhsil sisteminə keçid həm şagird və tələbələri, həm müəllim heyətini, həm də valideynləri sevindirib. Lakin son günlər insanlar arasında məktəblərin yenidən bağlanacağı, distant təhsilə keçiləcəyi barədə şayiələr gəzir. Belə fikrin yaranmasına səbəb isə koronavirus səbəbilə bəzi siniflərin qapadılmasıdır. Bəs görəsən, bu ehtimallar nə dərəcədə doğrudur? Məktəblərin bağlanma ehtimalı varmı?

NOCOMMENT.az bildirir ki, məsələ ilə bağlı “Sonxeber.az” təhsil eksperti Kamran Əsədovdan münasibət öyrənib.

O bildirib ki, belə bir proqnoz inandırıcı deyil:

“İlk növbədə qeyd edim ki, tədrisin bərpası birmənalı şəkildə yoluxmaya öz təsirini göstərəcək. Çünki təkcə bizim orta ümumtəhsil məktəblərimizdə 1.6 milyon şagird, ali məktəblərdə 186 min tələbə, bundan əlavə, 200 minə yaxın müəllim heyəti var. Hər gün tədris prosesində 2 milyon nəfərdən çox insan aktiv şəkildə təmas halındadır.

Amma yoluxanların tərkibində onların sayı ümumi 2 faizdən artıq deyil. Bu gün ölkədə digər sahələr, restoranlar, xidmət və iaşə obyektləri də fəaliyyət göstərir və burada hər hansı bir ticarət mexanizmi o qədər yüksək səviyyədə deyil.

Qeyd edim ki, 22 və 29 sentyabrdan etibarən tədris prosesinin təhlilini apardıqda görürük ki, orta ümumtəhsil məktəblərində 15-ə yaxın sinifdə artıq yoluxma halları müşahidə olunub, bunların bir neçəsi qısa müddətlik bağlanıb.

Bütün hallarda, hesab edirəm ki, mövcud epidemioloji vəziyyət, vaksinasiya olunan insanların sayı tədris prosesinin yenidən qapanmaya getməsini özündə əks etdirmir. Əlbəttə, hansı sinifdə və hansı məktəblərdə yoluxma halları müşahidə ediləcəksə, yalnız həmin siniflər (əgər ümumi məktəbin 30-40 faizini əhatə edirsə) müəyyən müddət məsafədən tədrisə keçəcək. Çünki hazırda distant təhsil tələbi də ləğv edilib və yoluxmuş müəllim və şagirdlər əvvəlki resurslardan yararlana bilməyəcəklər. Hər bir halda, hazırda yoluxma rəqəmi min ətrafındadır və bu, təhlükəli hədd deyil”.

Ekspert, eyni zamanda, vaksin vurduranların çox olduğunu qeyd edib:

“Digər tərəfdən artıq ölkədə 2-ci doza vaksin vurduran insanların sayı 4 milyonu keçib. Təhsil sistemində çalışanların 90 faizindən çoxu artıq vaksinasiya olunub. Təhsil müəssisələri ciddi şəkildə dezinfeksiya olunur və nəzarət mexanizmi həyata keçirilir.

Tədris prosesində qapadılma təhsilin keyfiyyətli təşkilinə ciddi şəkildə mane olacaq. Bundan ən çox tələbələr əziyyət çəkəcək. Çünki artıq 51 ali təhsil müəssisəmizdə 187 min tələbə öz yaşayış yerlərini tərk edib, kirayə evlər tutub, pul ödəyiblər. Bütün hallarda, onların tədris prosessinə yenidən onlayn şəkildə qoşulması maddi itkiyə gətirib çıxaracaq.

Ümumilikdə, kütləvi qapanma gözlənilmir. Belə bir proqnoz inandırıcı deyil. Nəzərə alsaq ki, artıq 3-cü doza vaksin vurulması prosesi başlayır, əksinə, hər yer açılmalıdır”.