Azərbaycanda pensiya hesablamaları ilə bağlı tez-tez narazılıqlar səslənir.
Bəs ən çox hansı səhvlərə yol verilir və vətəndaşlar niyə pensiya hüququndan məhrum ola bilirlər?
NOCOMMENT.az bildirir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, əsas problem əmək stajının tanınmaması ilə bağlıdır:
Əkrəm Həsənov
“Çox vaxt vətəndaş deyir ki, əmək stajım var, amma Dövlət Sosial Müdafiə Fondu (DSMF) bunu görmür. Rəsmi sənədlərdə əmək fəaliyyəti qeydiyyata düşməyibsə, həmin staj nəzərə alınmır. Bəzən işlədiyi müəssisə DSMF-yə məlumat təqdim etmir və ya sosial sığorta haqqını ödəməyib. Belə hallarda məsələ məhkəməyə qədər gedib çıxır”.
Hüquqşünas Tağı Hüseynov isə qeyd edib ki, problemlərin bir qismi arxivlə bağlıdır:
Tağı Hüseynov
“Vətəndaş işləyib, amma maaşından sosial sığorta tutulması barədə məlumat DSMF-də yoxdur. Müəssisələr, xüsusən də əvvəlki illərdə fəaliyyət göstərənlər, sənədləri arxivə təqdim etməyiblər. Bu səbəbdən vətəndaş pensiya yaşı çatanda imtina cavabı alır. Çünki sosial sığorta stajı görünmür”.
Ekspertin sözlərinə görə, sənədlərin düzgün təsdiq olunmaması, əmək kitabçaları və işə qəbul sənədlərinin tam təqdim edilməməsi də ciddi problemlər yaradır. Bundan başqa, qeyri-rəsmi əməkhaqqı, bonus və mükafatların rəsmiləşdirilməməsi də pensiya hesablamasında boşluqlara gətirib çıxarır.
İqtisadçı Natiq Cəfərli isə pensiya qanunvericiliyinin tez-tez dəyişdirilməsini əsas problem kimi göstərib:
Natiq Cəfərli
“2006-cı ildən bəri pensiya qanunvericiliyi 4 dəfə dəyişdirilib. Bu qədər tez-tez dəyişikliklərin olması sistemin sabitliyini pozur. Pensiya tamamilə DSMF-nin nəzarətindədir və burada rəqabət yoxdur. Vətəndaş maaşından ödəniş edir, amma o vəsaitin sahibi olub-olmaması ilə bağlı aydın mexanizm müəyyənləşdirilməyib”.
Ekspertlər hesab edir ki, sənədlərin elektronlaşdırılması, qanunvericilikdəki boşluqların aradan qaldırılması və pensiya fondunun idarə olunmasında şəffaflığın artırılması, gələcəkdə bu problemlərin həllinə töhfə verə bilər.