Azərbaycanda rüşvət alan məmurların məhkəməsi başlayırbackend

Azərbaycanda rüşvət alan məmurların məhkəməsi başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göyçay rayon Qarabaqqal bələdiyyəsinin sədri Ramin Nəbiyev, Göyçay rayon İcra Hakimiyyəti Başçısının Qarabaqqal kəndi üzrə icra nümayəndəsi Qurban Kərimov və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçisi Mübariz Hacıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Nahid Mirzəyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası sentyabrın 17-nə təyin olunub.

İttihama görə, Göyçay rayon Qarabaqqal bələdiyyəsinin sədri Ramin Nəbiyev, Göyçay rayon İcra Hakimiyyəti Başçısının Qarabaqqal kəndi üzrə icra nümayəndəsi Qurban Kərimov və ETSN-nin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçisi Mübariz Hacıyevin qanunsuz əməlləri ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Qeyd olunan vəzifələrdə işləyərkən Ramin Nəbiyev, Qurban Kərimov və Mübariz Hacıyev ilə qabaqcadan əlbir olaraq bələdiyyənin mülkiyyətində olan dağlıq ərazidə yerləşən torpağın faydalı üst münbit qatının qanunsuz olaraq daşınmasına icazə verilməsi və buna müvafiq şəraitin yaradılması müqabilində ümumilikdə 9 min manat məbləğində pul vəsaitini rüşvət qismində tələb edib aldığına görə 17 aprel 2021-ci ildə keçirilmiş əməliyyat tədbirləri nəticəsində hər üç şəxs saxlanılıb.

İstintaq orqanı tərəfindən Ramin Nəbiyev, Qurban Kərimov və Mübariz Hacıyevin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 311.3.3-cü (rüşvət alma külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan edilib.