Son günlərdə sosial şəbəkələrin Azərbaycan seqmentində SEPAH (İran İslam İnqilabı Keçşikçiləri Korpusu) adından “yardım kampaniyası” şüarı altında müxtəlif elanlar yayılmağa başlayıb. Azərbaycan dövləti rəsmi səviyyədə İrana lazım olan humanitar yardımları mütəmadi olaraq göndərsə də, sosial şəbəkələrdə fərdi şəxslər tərəfindən idarə olunan bu növ çağırışlar ciddi suallar doğurur.
NOCOMMENT.az xəbər verir ki, vətəndaşlara bu tip elanlara qarşı son dərəcə ehtiyatlı olmaq tövsiyə edilir. Ekspertlər xəbərdarlıq edir ki, bu kampaniyalar həm kütləvi dələduzluq məqsədi daşıya bilər, həm də terrorçuluğu maliyyələşdirməyə qarşı mübarizə qanunvericiliyi çərçivəsində vətəndaşlar üçün ağır hüquqi məsuliyyət yarada bilər. Xarici hərbi birləşmələrə və ya qeyri-şəffaf fondlara maddi vəsait köçürmək ciddi cinayət tərkibi hesab oluna bilər.
Sosial şəbəkə istifadəçilərinə şübhəli bank kartlarına və ya onlayn pul kisələrinə vəsait köçürməmək, bu cür provokativ elanlardan uzaq durmaq çağırışı edilir. Unutmayın ki, rəsmi humanitar yardımlar yalnız dövlət qurumları və beynəlxalq səviyyədə tanınmış humanitar təşkilatlar vasitəsilə həyata keçirilir.

Sara,
NOCOMMENT.az









