Azərbaycanda əhali getdikcə bir uşaqlı ailə modelinə keçid edir. Bu elə birinci sinifə gedən şagirdlərin sayının azalmasında da özünü biruzə verir. Məsələn, 2024-25-ci tədris ili üzrə 132 261 nəfər təhsil almaq üçün birinci sinfə qədəm qoyub ki, bu da ötən tədris ili ilə müqayisədə 4 142 nəfər azdır.
Bəs azərbaycanlı ailələrin təkuşaqlı ailə modelinə keçid etməsinin səbəbi nədir və hansı fəsadları ola bilər?
NOCOMMENT.az xəbər verir ki, bu barədə Redaktor.az-a açıqlama verən sosioloq Mail Yaqub bildirdi ki, bu, ümumiyyətlə, dünyada tendesiyadır:
“Müasir insan çoxuşaqlı ailəyə meyilli deyil. İndiki ailələrdə uşaqların rifahını, təhsilini yüksək səviyyədə təmin etmək istəyirlər. Ailələr düşünür ki, çox uşaq olarsa, maddi təminat buna yetməyəcək. Az uşaq olanda onun maddi rifahı qaydasında olacaq. Amma bu, tək səbəb deyil. Çünki maddi rifahı yüksək olan ailələrdə də az uşaqlılığa meyl var. Burada səbəb, adətən müasir insanın eqoist, hövsələsiz olmasıdır. Daha çox özlərinə, öz əyləncələrinə zaman ayırmaq istəyirlər, nəinki 5-6 uşaq olsun və valideyn öz həyatını onlara həsr etsin”.
Sosioloqun sözlərinə görə, bu model Azərbaycan kimi ölkələrdə davam etsə, şübhəsiz ki, yaxın 30-50 ildə əhalinin azalmasına səbəb olacaq:
“Beynəlxalq “Database” təşkilatı 2100-cü ildə Azərbaycanın əhalisini 8 milyon təxmin edib. Bu, ciddi həyəcan təbilidir. Bir uşaqlı ailə modeli ölkəmiz üçün birmənalı olaraq ziyanlıdır. Bunun hərbi, siyasi, strateji problemləri var. Ən azından əhalimiz indikindən 2 dəfə çox olmalıdır. Amma bu tendensiya ilə biz də avropalılar kimi təkuşaqlı ailə modelinə yönəlmişik. Bunun da problemləri gələcəkdə özünü göstərəcək”.