Azərbaycanda tələbə olmaq istəyənlər niyə azalır…backend

Azərbaycanda tələbə olmaq istəyənlər niyə azalır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il ali məktəblərə qəbul imtahanlarında iştirak edən abituriyentlərin sayı 52 min 219 nəfər olub. Ötən illə müqayisədə ali məktəblərə imtahan verənlərin sayında azalma müşahidə olunur. Belə ki, 2020-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 84 512 abituriyent ərizə vermişdi. Həmin vaxt sənəd verənlərin sayı 2019-cu illə müqayisədə 12 673 nəfər çox olub.

Abituriyentlərin sayında müşahidə edilən azalmanın səbəbləri sosial şəbəkələrdə və mətbuatda fərqli şəkildə izah edilir. Əksəriyyət bu tendensiyanın koronovirus pandemiyası ilə əlaqədar olduğunu, Azərbaycan təhsilin gerilədiyini iddia edir.

NOCOMMENT xəbər verir ki, bu barədə modern.az-a danışan təhsil eksperti Elçin Süleymanov bildirib ki, V ixtisas qrupu üzrə sənəd verənlər göstərilən statistikaya daxil olmur. Ona görə də statistikada abituriyentlərin sayında azalma kimi görünür:

“2020-ci ildə 81 min, 2021-ci ildə isə 50 min abituriyent göstərilir. Amma bu iki il arasında 1500-2000 fərq var. Bu isə 1 faizdən daha azdır. Amma 2020-ci ildə abituriyent sayında 2019-cu ilə nisbətən ciddi artım (12 min abituriyent) qeydə alınmışdı.

2021-ci ildə ali məktəblərə sənəd verənlərin az olması, 2020-ci ildə plan yerlərinin sayının çoxluğu ilə də əlaqədardır. Ötən il demək olar ki, giriş balını keçən hər kəs qəbul olmuşdu və onlar içərisində cari ilin məzunları daha çox idi. 2020-ci ildə imtahanlardan kəsilənlərin az olması 2021-ci ildə sənəd verənlərin də azalmasına gətirib çıxardı”.

Ekspert ümumilikdə bu il qəbul imtahanlarında vəziyyətin kritik olduğunu düşünmür: “Çünki əhali sayı hər il əvvəlki ilə nisbətdə artır. Əhalinin sayı artıq 10 milyon 200 mini ötmək üzrədir. Eyni zamanda, orta məktəblərdə də buraxılış imtahanları verən məzunların sayında artım var. Pandemiyadan sonra xaricdə təhsilə valideynlər bir qədər mühafizəkar yanaşırlar. Əvvəl Ukrayna, Türkiyə və Gürcüstan kimi qonşu ölkələrə, Avropaya təhsil dalınca gedənlər çox idi. Pandemiya ilə bağlı bu tendensiya bir qədər azdır. Reallıqda ciddi azalma müşahidə edilmir.

Bundan əlavə subbakalavrlar da bakalavr keçidində bu siyahıya daxil olmurlar. Bütün bunları nəzərə aldıqda ali məktəbə qəbul olanların sayında ciddi dəyişiklik olduğunu iddia edə bilmərik”.

2021-ci ilin qəbul statistikasında ixtisas qruplarına görə fərqli rəqəmlərin müşahidə olunduğunu vurğulayan ekspert abituriyentlərə məsləhətlərini çatdırıb:

“Keçən ilə görə keçid balını toplayanlar, qəbul olanlar II qrupda daha azdır. Dolayısı ilə bu il həmin qrupa imtahan verən abituriyentlərin şansı çoxdur. Üçüncü qrupdan imtahan verənlər isə əksinə, şansı ən az olanlardır. Çünki keçid balını toplayanlar çox, müqayisədə plan yerləri daha azdır. Bu iki qrup arasında keçən ilə görə böyük dəyişiklik var”.