Yeraltı kommunikasiyalar nəzərə alınmadan tikinti aparılır…İllər sonra yeraltı su borusu və yaxud da kollektor partladıqda ərazidəki obyekt və fərdi evlərə zərər vurur… Son günlərdə belə hallara tez-tez olmasa da rast gəlinir…
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, həmin tiklilərin bir çoxunun rəsmi sənədi də var. Yəni aidiyyəti qurum tikintiyə icazə verib ərazidə də ev tikilib.
Necə olur ki, yeraltı kommunikasiya xəttinin üzərində tikintiyə icazə verilir?.
Bəzi hallarda qəza səbəbindən evin sökülməsi qərarı verilir ki, burda yenə də zərərçəkmiş tərəf ev sahibi olur. Evin çıxarışı olsa da dəymiş zərərə görə, kompensasiya ala bilmir.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, belə halların baş verməməsi üçün müxtəlif dövlət qurumlarının yeraltı xəritəsinin vahid bazası olmalıdır. Əks halda ortada olan rabitəsizlikdən vətəndaşlar zərər çəkirlər.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən ”Xəzər Xəbər”ə bildirdilər ki, su xəttinin mühafizə zonaları illər əvvəl kobudcasına pozularaq üzərində müxtəlif tikililər inşa edilib. Qanunvericiliyə əsasən, belə ərazilərdə hər hansı tikilinin inşası qanuna ziddir. Qəza baş verdikdə fəsadların aradan qaldırılması zamanı xüsusi texnikaların orda iş aparması mümkün olmur.
Qurumdan o da əlavə edildi ki, belə hal olduqda, rayon icra hakimiyyətlərinə və ya FHN-ə müraciət edilir ki, su xəttindəki nasazlığın aradan qaldırılması üçün, tikintinin sökülməsinə qərar verilsin.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.