Azərbaycanda yük sığortası mexanizmi necə işləyir? – ARAŞDIRMAbackend

Azərbaycanda yük sığortası mexanizmi necə işləyir? – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müasir dövrdə nəqliyyat və logistika sektoru beynəlxalq ticarətin ayrılmaz hissəsinə çevrilib. Qlobal səviyyədə idxal-icrac əməliyyatlarının getdikcə genişlənməsi fonunda yük sahibləri və daşınma şirkətləri müxtəlif risklərlə qarşılaşırlar. Bu baxımdan yüklərin təhlükəsiz və itkisiz daşınması, potensial risklərin minimuma endirilməsi və maliyyə itkilərinin qarşısının alınması üçün yük sığortası vacib mexanizmlərdən biri hesab olunur. Bəs bu mexanizm necə işləyir? Sığorta şirkləri müştəriləri olan yük sahiblərinə nə dərəcədə səmərəli məhsullar təklif edir? Bu məhsullar təbii fəlakətlər, yol-nəqliyyat hadisələri, oğurluq və digər gözlənilməz risklərdən etibarlı şəkildə qorunmağa təminat verirmi? Yük sığortasında rəqəmsal həllər necə rol oynayır? “Report” bu suallara cavab tapmaq üçün yük sığortası bazarındakı mövcud vəziyyəti, tətbiq olunan innovativ həlləri və inkişaf perspektivlərini araşdırıb.

Müştərilərlə qarşılıqlı münasibətlərin idarə olunması

“Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyindən “Report”a verilən məlumata görə, Azərbaycanda yük sığortasının inkişafı ilə bağlı atılan əsas addımlardan biri CRM (Customer Relationship Management – Müştərilərlə qarşılıqlı münasibətlərin idarə olunması) sistemlərinin tətbiqidir. Belə ki, bu sistemlər yük sahiblərinin məlumatlarının idarə olunmasını, müraciətlərin izlənilməsini və sığorta proseslərinin avtomatlaşdırılmasını təmin edir. Bu texnologiyalar vasitəsilə sığorta şirkətləri risklərin qiymətləndirilməsini sürətləndirə, təkliflərin fərdiləşdirilməsini təmin edə və müştəri xidmətlərini təkmilləşdirə bilirlər.

“Azərbaycanda CRM sistemlərinin yük sığortasında əsas tətbiq sahələri müştəri və müqavilə idarəetməsi, sığorta müraciətlərinin avtomatlaşdırılması, risklərin təhlili və hesabatların hazırlanması, müştəri dəstəyi və sığorta hadisələrinin idarə olunmasıdır. Müştəri və müqavilə idarəetməsi yük sahibləri və logistika şirkətləri ilə əlaqələrin effektiv idarə olunmasını nəzərdə tutur. Sığorta müraciətlərinin avtomatlaşdırılması daşınmada risklərin real vaxt rejimində qiymətləndirilməsini və sığorta müraciətlərinin elektron formatda qeydiyyatını təmin edir. Risklərin təhlili və hesabatların hazırlanması böyük məlumat bazalarının emalına, yük sığortası ilə bağlı risklərin daha dəqiq hesablanmasına imkan verir. Müştəri dəstəyi və sığorta hadisələrinin idarə olunması isə yüklərin daşınması zamanı baş verən sığorta hadisələrinin operativ həllinə və təzminat ödənişlərinin sürətləndirilməsinə yönəlir”, – deyə məlumatda qeyd olunub.

Bundan başqa, ASA bəyan edib ki, CRM sistemlərinin tətbiqi yük sığortasının daha şəffaf və sürətli idarə olunmasına imkan yaradır: “Bu sistemlər müştərilərə daha optimal sığorta təklifləri təqdim etməklə yanaşı, sığorta şirkətləri üçün də əməliyyat xərclərini azaldır və idarəetmə proseslərini təkmilləşdirir. Eyni zamanda, rəqəmsal həllər və CRM platformalarının genişləndirilməsi Azərbaycan sığorta bazarında müştərilərin məmnuniyyətini artırmaqla yanaşı, sığorta proseslərinin avtomatlaşdırılması və analitik bazanın gücləndirilməsi kimi müsbət təsirlərə malikdir. Gələcəkdə CRM sistemlərinin yük sığortasına inteqrasiyası ilə Azərbaycan bazarında bu sahənin inkişafı daha da sürətlənəcək, beynəlxalq standartlara uyğunlaşma prosesi güclənəcək. Bundan başqa, ölkənin beynəlxalq yükdaşımaçılıq seqmentində inkişafı, tranzit daşımalar sahəsində genişmiqyaslı infrastruktur layihələri yük sığortası bazarının böyüməsinə təkan verəcək. Tranzit yükdaşımalar sahəsində nəqliyyat infrastrukturunun inkişafı, daşıma proseslərini idarəetmə sistemlərinin təkmilləşdirilməsi və səmərəliliyin artırılması istiqamətində ciddi işlər aparılır. Bu da öz növbəsində yük və yükdaşımalarla bağlı təklif olunan sığorta növlərinin potensialını artırır”.

Sığortaçıların təklifləri

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, hazırda Azərbaycanda yük daşımaları zamanı yaranan risklərin sığortalanması üçün iki əsas sığorta məhsulu mövcuddur. Bunlar, “Yüklərin (nəqliyyat) sığortası” və “Yük daşıyanın mülki məsuliyyətinin sığortası”dır. Bu iki sığorta növü yük sahiblərinin və logistika şirkətlərinin potensial risklərdən qorunmasına kömək edir. “Yüklərin sığortası” əsasən yüklərin daşınması zamanı yarana biləcək itki və zərərdən qorunmağa yönəlib. “Yük daşıyanın mülki məsuliyyətinin sığortası” isə yükdaşıyan şirkətlərin üçüncü şəxslər qarşısında hüquqi məsuliyyətini əhatə edir.

Qiymətlərə gəlincə isə, “Yüklərin (nəqliyyat) sığortası” üzrə tariflər yükün hansı istiqamətdə daşınması, qət ediləcək məsafə, nəqliyyat vasitəsinin növü və yükün xüsusiyyətlərinə görə dəyişir. Orta hesabla hava nəqliyyatı üçün yükün dəyərinin 0,5 %-i, dəniz nəqliyyatı üçün 0,3 %-i, avtomobil nəqliyyatı üçün 0,4 %-i, dəmir yolu nəqliyyatı üçün isə 0,35 %-i qədər sığorta haqqı tutulur. “Yük daşıyanın mülki məsuliyyətinin sığortası” üzrə tariflər isə şirkətlərin risk yanaşmasına görə dəyişir və 20-100 ABŞ dolları təşkil edir.

Bu arada, 2024-cü ildə Azərbaycanda “Yüklərin (nəqliyyat) sığortası” üzrə 7 milyon manat, “Yük daşıyanın mülki məsuliyyətinin sığortası” üzrə isə 63 min manat sığorta haqqı yığılıb. Bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 17,1 % çox və 51,9 % azdır.

Yük sığortasının nəqliyyat və loqistika sahəsində rolu

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən isə “Report”a bildirilib ki, yük sahibləri daşınma prosesində müxtəlif risklərlə üzləşir və bu risklərin sığortalanması tələbatın artmasına səbəb olur: “Bu danılmaz faktdır ki, istənilən yükün daşınması zamanı yük sahiblərinin zərərlə üzləşmə ehtimalı mövcuddur. Beynəlxalq ticarət və loqistika sektorunun sürətli inkişafı yük sığortasına olan tələbatın artmasına səbəb olub. Xüsusilə, e-ticarət və qlobal tədarük zəncirlərinin genişlənməsi, risklərin artması ilə nəticələnir və buna görə də yük sahibləri üçün sığorta mühüm təhlükəsizlik tədbiri kimi qəbul edilir.

Yük sığortası təbii fəlakətlər (sel, tufan, zəlzələ və s.), daşınma zamanı baş verən qəzalar, yükün oğurlanması və ya itməsi, eləcə də daşınma prosesində yükün zədələnməsi kimi əsas riskləri əhatə edir. Bu risklər həm yük sahibləri, həm də loqistika və nəqliyyat şirkətləri üçün maliyyə itkilərinə səbəb ola bilər. Buna görə də yük sığortası daşınma prosesinin maliyyə dayanıqlılığını təmin edən əsas mexanizmlərdən biri hesab olunur. 2020-ci ildən etibarən yük sığortasına maraq artıb və bu tendensiya bazardakı inkişaf potensialını nümayiş etdirir. Son 5 ilin yük sığortası üzrə statistik təhlili göstərir ki, bu sığorta növü davamlı inkişaf tendensiyası nümayiş etdirib. Xüsusilə, 2020-ci illə müqayisədə yük sığorta haqları artan dinamika ilə inkişaf edərək 2024-cü ildə 22,3 % artım göstərib”.

“Yük sahibləri sığorta məsələlərinə daha ciddi yanaşmalıdırlar”

Logistika sahəsi üzrə ekspert Arif Salahov deyir ki, yük sahibləri sığorta məsələlərinə daha ciddi yanaşmalıdırlar: “Müştərilər çox zaman düşünürlər ki, logistika şirkətləri yükün təhlükəsizliyinə cavabdehdir. Halbuki, onlar müəyyən çərçivələr daxilində fəaliyyət göstərir və risklərin tam şəkildə əhatə olunması üçün əlavə tədbirlər görülməlidir. Yük sığortası özü də məhdud çərçivədə tətbiq olunur. Müəyyən çəkidə yük üçün maksimum məbləğ müəyyən edilir. Məsələn, yükün hər kilosu üçün təxminən 10 ABŞ dolları sığorta məbləği təmin edilir. Bu da qəbul olunmuş beynəlxalq təcrübədir. Amma istənilən halda sığortadan istifadə etmək lazımdır. Əgər bir yükün çəkisi 20 ton təşkil edirsə, bu zaman sığorta məbləği ən yaxşı halda 200 min ABŞ dolları ola bilər. Lakin həmin yükün dəyəri 500 min ABŞ dolları təşkil edirsə, sığorta bu məbləği əhatə etməyəcək. Buna görə də, yük sahibləri yükün tam qorunmasını təmin etmək üçün əlavə sığorta həllərinə üstünlük verməlidirlər. Nəqliyyat şirkətləri idxalçıların və ixracatçıların maraqlarını nəzərə almalıdır, onlara yükün bacardıqca yaxşı sığortalanmasını tövsiyə etməlidir”.

Yük sığortasında rəqəmsal həllərin tətbiqi

A.Salahovun sözlərinə görə, yük sığortasının idarə olunmasında rəqəmsal həllər və sistemlər geniş şəkildə tətbiq edilmir. Onun fikrincə, hər şirkət öz qaydalarına əsasən hərəkət edir və vahid sistem mövcud deyil. Buna görə də, bazarın inkişafı üçün sığorta idarəetməsinin rəqəmsallaşdırılması və avtomatlaşdırılması zəruridir.

“Yük sahiblərinə maarifləndirici çağırışlar etmək lazımdır. Onlar yalnız logistika şirkətlərinə və ya onların təqdim etdiyi sığorta məhsullarına güvənməməlidirlər. Hadisə baş verdikdə, bu, uzunmüddətli hüquqi proseslərə səbəb ola bilər. Ən yaxşı həll yük və malların əlavə sığortalanmasıdır. Bunu, həm idxalatçılar və ixracatçılar, həm də logistika şirkətləri həyata keçilə bilər. Sığorta mexanizmlərinin inkişafı və rəqəmsal idarəetmə sistemlərinin tətbiqi yük daşımalarının təhlükəsizliyini artıracaq, hüquqi prosesləri asanlaşdıracaq və loqistika şirkətləri ilə müştərilər arasında şəffaflığı təmin edəcək”, – deyə o qeyd edib.