Azərbaycandakı ölü partiyalar – Adı var, özü yox…backend

Azərbaycandakı ölü partiyalar – Adı var, özü yox…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda dövlət qeydiyyatına alınmış 58 siyasi partiya mövcuddur. Sayının kifayət qədər çox olmasına baxmayaraq, siyasi partiyaların əksəriyyətinin fəaliyyəti qənaətbəxş hesab edilmir.

Elektorat sayının az, yaxud çoxluğunun belə fərqi yoxdur, partiyaların bəzilərinin yalnız adı, möhürü, sədri və onun qohumu, tanışı sayılan bir neçə nəfər üzvü var. Cəmiyyət bu siyasi təşkilatların dövlətin siyasi həyatında nəinki hansısa rola malik olduğunu görmür, çoxunun heç varlığından belə xəbəri yoxdur.

Buna misal olaraq bir neçə siyasi partiyanın adını çəkə bilərik. Sosial Ədalət, Azərbaycan Dirçəliş və Tərəqqi, Azadlıq, Müstəqil Azərbaycan, Təkamül, Azərbaycan Milli Dövlətçilik, Qorqud, Azərbaycan Vətənpərvərlər, Azərbaycan Vahid Kommunist kimi partiyalar xalqın dəstəyini qazana bilməyən, passiv siyasi təşkilatlar kimi qeyd edilir.

Maraqlıdır ki, adlarını çəkdiyimiz partiyaların əksəriyyəti hətta Mərkəzi Seçki Komissiyasına illik maliyyə hesabatını da təqdim etmir.

Fəaliyyətsiz siyasi partiyalarla yanaşı, aktiv siyasi fəaliyyəti ilə fərqlənən təşkilatlar da var. Təbii olaraq, hakim Yeni Azərbaycan Partiyasının (YAP) adını aktivliyə və elektorat sayının çoxluğuna görə ilk sırada çəkə bilərik. YAP 2003, 2008, 2013 və 2018-ci illərdə prezident, 2005, 2010, 2015 və 2020-ci illərdə keçirilən parlament, eləcə də müvafiq dövrlərdə baş tutan bələdiyyə seçkilərində iştirak edərək qalib gəlib.

Bundan əlavə, digər bir neçə müxalifət partiyası var ki, onların fəaliyyəti yalnız sosial şəbəkə səhifələrində gündəm mövzulara uyğun paylaşım etməkdən ibarətdir.

Azərbaycanda seçki sistemi majoritar olsa da, çoxpartiyalılıq prinsipinin mövcudluğu digər siyasi partiyaların fəaliyyətinə şərait yaradır. Buna görə, Milli Məclisə və bələdiyyələrə seçkilərdə aktivlik nümayiş etdirən siyasi partiyalar diqqət çəkir.

2020-ci il fevralın 9-da VI Çağırış Milli Məclisə keçirilən seçkilərdə qalib gələrək deputat seçilənlər – Asim Mollazadə Demokratik İslahatlar Partiyasını, Fazil Mustafa Böyük Quruluş Partiyasını, Qüdrət Həsənquliyev Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasını, Fəzail Ağamalı Ana Vətən Partiyasını, Sabir Rüstəmxanlı, Fəzail İbrahimli, Rafael Hüseynov Vətəndaş Həmrəyliyi Partiyasını, Sabir Hacıyev Vətəndaş Birliyi Partiyasını, Razi Nurullayev Milli Cəbhə Partiyasını, Tahir Kərimli Vəhdət Partiyasını, Erkin Qədirli isə Respublikaçı Alternativ Partiyasını parlamentdə təmsil edirlər.

Partiyaların fəaliyyəti ilə əlaqədar qeyd edilən problemlərin fonunda “Siyasi partiyalar haqqında” qanunun çox köhnə olduğu, müasir reallıqları əks etdirmədiyi haqqında fikirlər də tez-tez gündəmə gəlirdi. Artıq siyasi partiyalar haqqında yeni qanun layihəsi hazırlanıb və ilkin müzakirələr üçün ictimaiyyətə təqdim edilib. Hazırda bu sənəd ətrafında təkliflərin dəyərləndirilməsi, müzakirələrin aparılması prosesi davam edir.

Azərbaycan siyasi həyatında yeni qanun və ümumiyyətlə partiyalarla əlaqədar ortaya çıxan mənzərə gələcək üçün nələr vəd edir? Ölü siyasi partiyalar “dirilə” biləcəklərmi?

NOCOMMENT xəbər verir ki, bu barədə modern-ə danışan politoloq Zərdüşt Əlizadə düşünür ki, müasir dövrdə partiyalılıq sistemi böhran keçirsə də, Avropanın, Amerikanın demokratik bölgələrində siyasi partiyalar fəallığı ilə seçilirlər. Onlar qanun və konstitusiya çərçivəsində seçkilərdə uğurlu mübarizə aparırlar.

Politoloqun sözlərinə görə, dünyaya rəğmən, Azərbaycanda partiyaların fəaliyyəti demək olar ki, yox dərəcəsindədir.

Zərdüşt Əlizadə vurğulayıb ki, Azərbaycanda qeydiyyata alınmış 58 siyasi partiyadan təxmini 50-si bir dəfə də olsa, seçkidə iştirak etməyib.

Bu da özlüyündə partiyaların acınacaqlı durumda olmasından xəbər verir: “Partiyanın işi hakimiyyət uğrunda mübarizədir. Partiyalar isə bundan uzaqdır. Cəsarət və qurban vermək bacarığı olmalıdır, bu isə yoxdur. Belə partiyalar lazım deyil. Ramiz Mehdiyev vəzifədə olduğu dövrdə partiyalara qarşı məkrli siyasət yürüdürdü. Bir çox partiyalar siyasi səhnədən çıxdaş olmuşdular. İndi isə ReAl və Rifah partiyaları nə isə etməyə çalışır. Onların fəaliyyətinə imkan verilmir”.

Zərdüşt Əlizadənin bəyənərək adını çəkdiyi Respublikaçı Alternativ Partiyasının icraçı katibi Natiq Cəfərli “Siyasi partiyalar haqqında” təklif olunan qanun layihəsində bəzi düzəlişlərin edilməli olduğunu söyləyib.

Partiya rəsmisi deyib ki, məhz buna görə, layihənin müzakirəsi bir qədər uzadılıb, üzərində yenidən işləmək haqqında qərar verilib.

“Bizim yanaşmamız bundan ibarətdir ki, hansı partiyanın ayaqda qalıb-qalmamasını, onun üzvlərinin, əməkdaşlarının sayının nə qədər olmasını qanun yox, seçki müəyyənləşdirməlidir. Azərbaycanda seçki prosesi elə formada təşkil edilməlidir ki, fəaliyyətsiz partiyanın siyasi mühitdən silinməsinə, yaxud davam etməsinə qərar verəcək kimi olsun. Əgər normal seçki prosesi – bu, bələdiyyə, parlament seçkiləri ola bilər – olarsa, proporsional qaydada seçkiyə qərar verilərsə, əhalinin səs vermədiyi siyasi partiyalar aradan çıxacaq. Bəzilərinin yığdığı səs 5-10 nəfər qohumunun seçimindən ibarət olsa, avtomatik siyasi səhnədən silinəcəklər. Ona görə, siyasi həyatın qanunların diktəsi, tənzimlənməsi ilə deyil, seçicilərin münasibəti ilə inkişafına ehtiyac var. Partiyaların reytinqi, ayaqda qalıb-qalmaması da məhz bununla müəyyənləşməlidir”, – deyə Natiq Cəfərli əlavə edib.

Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən 10 siyasi partiya ötən ilin maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməyib. 2022-ci ilin 10 ayı geridə qalsa da, cəmi 48 partiya hesabatını MSK-ya göndərib, yerdə qalan 10 partiyadan hələ xəbər yoxdur.

Hesabat verməyən partiyaların siyahısı

Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası
Müstəqil Azərbaycan Partiyası
Azərbaycan Milli Dövlətçilik Partiyası
Azərbaycan Vətənpərvərlər Partiyası
Azərbaycan Xalq Cəbhəsi Partiyası
Azərbaycan Vahid Kommunist Partiyası
Sosial Ədalət Partiyası
Azadlıq Partiyası
Haqq Ədalət Partiyası (HƏP)
Azərbaycan Yüksəliş Partiyası (AY Partiya)

Qanunvericiliyə uyğun olaraq, cari ilin yanvarın 1-də başlayan proses aprelin 1-də yekunlaşıb. MSK prosedura uyğun olaraq illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Ümumilikdə isə qaydalara əsasən, il ərzində oktyabr ayının 1-dək yeni yaradılan siyasi partiyalar üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-nə qədər olan dövrü əhatə edir. Oktyabr ayının 1-dən sonra yeni yaradılmış siyasi partiyalar üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-nə qədərki dövrü əhatə etməlidir.

Beləliklə, 2021-ci il oktyabr ayında qeydiyyata alınmış Haqq Ədalət Partiyası (HƏP) və Azərbaycan Yüksəliş Partiyası (AY Partiya) oktyabr-dekabr aylarına aid maliyyə hesabatını təqdim etməlidirlər.