Azərbaycanı hədəfə alan Milonov kimdir? – Rus deputatın çirkli dosyesibackend

Azərbaycanı hədəfə alan Milonov kimdir? – Rus deputatın çirkli dosyesi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vitali Milonov hələ Sankt-Peterburq məclisinin deputatı olduğu dövrdən bu şəhərdəki erməni iş adamlarının və cinayətkar qrupların nəzarətindədir”.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.

Ekspert rusiyalı deputatı Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərə görə tənqid edib: “Məlum olduğu kimi, Rusiya Dövlət Dumasının hakim “Vahid Rusiya” partiyasından olan üzvü Vitali Milonov Azərbaycan əleyhinə sərsəm və aqressiv fikirlər səsləndirib. Milonovun bütün sərhədləri aşan davranışlarına görə, Rusiya Federasiyasının Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb, Milonovun Azərbaycan əleyhinə atdığı növbəti təxribatçı addımı Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə tamamilə zidd olduğu vurğulanıb.

Vitali Milonov hələ Sankt-Peterburq məclisinin deputatı olduğu dövrdən bu şəhərdəki erməni iş adamlarının və cinayətkar qrupların nəzarətindədir. Onların lobbiçiliyini etmək isə Milonova xeyli var-dövlət qazandırıb. Sankt-Peterburq məclisinin deputatı olduğu 4 il ərzində Milonov Peterburqun “Strelne” adlanan ərazisində 1 sotu həmin dövrdəki qiymətlərlə 17 min ABŞ dolları olan, ümumi dəyəri 187 min ABŞ dolları təşkil edən torpaq sahəsi alıb və qısa bir zaman ərzində bu ərazidə dəyəri 200 min ABŞ dollarından az olmayan villa inşa etdirib”.

Elçin Mirzəbəyli bildirib ki, ermənilər Milonovun Peterburq Dumasına gediş-gəlişini asanlaşdırmaq üçün ona əyalət deputatı olduğu dövrdə Dumanın lap yaxınlığında dəyəri 360 min ABŞ dolları olan mənzil də hədiyyə ediblər: “4 il ərzində Milonov özünə və xanımına ən son model “BMW” və “Ford Exploler” də alıb, xarici ölkələrdə, ən bahalı istirahət mərkəzlərində olub. Sankt-Peterburq deputatının aldığı əmək haqqının aylıq 1150 dollar təşkil etdiyini və Milonovun 4 il ərzində təxminən 55 min ABŞ dolları qazandığını nəzərə alsaq, deputatın erməni dostları tərəfindən necə böyük “sevgi” ilə əhatə olunduğunu görə bilərik.

Vitali Milonovun Azərbaycan və azərbaycanlılarla bağlı aqressiv, böhran xarakterli və təhqiramiz fikirlər səsləndirməsinə gəldikdə isə bunun da sifarişli olduğu, daha çox şəxsi maraqlardan qaynaqlandığı qənaətindəyəm. Məqsəd Milonovkimilərin təxribatlarına cavab olaraq Azərbaycanda Rusiya əleyhinə kəskin etirazlara nail olmaq, ictimai rəyi nifrət üzərində kökləmək və bundan erməni təbliğatında istifadə etməkdir”.