Ukraynanın vəziyyətinə dair ABŞ-ın təqdim etdiyi sülh planı getdikcə daha qeyri-müəyyən və qalmaqallı məzmun alır. İlkin olaraq 28 maddədən ibarət olan plan artıq 22 maddəyə qədər azaldılıb və hazırda Abu-Dabidə davam edən danışıqlarda təkmilləşdirilir. Hətta bəzi media mənbələrinin yazdığına görə, alternativ Avropa variantı da ortaya çıxıb ki, bu, Ukrayna üçün daha əlverişlidir. Lakin hələlik məlum deyil, Moskva təqdim olunan variantlardan hansını qəbul edəcək.
NOCOMMENT.az xəbər verir ki, məsələni daha da mürəkkəbləşdirən isə son sızıntıdır. Bloomberg agentliyi Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov ilə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff arasındakı iki telefon danışıqlarının, eləcə də Uşakov ilə Putinin xüsusi nümayəndəsi Kirill Dmitriev arasındakı danışıqların transkriptini yayıb. Əgər bu sızıntı doğrudursa, görünür ki, Rusiya tərəfi planın hazırlanmasında ABŞ-ın təqdim etdiyi çərçivədən daha fəal iştirak edib.
Ekspertlər bildirir ki, tamamilə etibarlı şifrələr və “sındırıla bilməyən” messencerlər mövcud deyil, hər kilid üçün uyğun “açar” tapmaq mümkündür. Bu, ABŞ planının taleyinin proqnozlaşdırılmasını çətinləşdirir. Artıq bəlli olan isə budur ki, xarici dəstəkli müharibələrdə tərəfdaşların maraqları hər an dəyişə bilər və gözlənilən yardım azalır.
Ukrayna digər post-sovet ölkələrindən fərqli olaraq, ilk gündən həm mənəvi, həm də maddi dəstək alıb. Lakin vədlər və reallıq arasında ciddi fərqlər var. Qərbdə Ukraynanın hesabına Rusiya ilə münasibətləri bərpa etməyə çalışanların sayı da az deyil.
Burada Azərbaycan təcrübəsi yenidən aktuallaşır. Ölkəmiz 30 illik konflikt dövründə Ukrayna qədər dəstək almamışdı. 1994-cü ildə atəşkəs razılaşmasına baxmayaraq, geniş ərazi hələ də erməni işğalı altında qalmışdı. Minsk qrupu vasitəçiləri isə çox vaxt Azərbaycanın kapitulyasiyasını xatırladan sülh planları təklif edirdilər.
Azərbaycan isə Prezident İlham Əliyevin rəhbərliyi altında hərbi, siyasi və diplomatik vasitələri birləşdirərək işğal altındakı torpaqlarını uğurla geri qaytardı və 44 günlük Vətən müharibəsində gözlənilən zəfəri əldə etdi.
Müasir kontekstdə ABŞ planı ətrafında yaşanan qalmaqal Azərbaycanın keçmiş təcrübəsini yenidən xatırladır: işğal edilmiş torpaqlara tab gətirməmək və öz resurslarına etibar etmək vacibdir.
Mənbə: Minval.az
Azərbaycan dilinə tərcümə etdi: Əli Səfərli













