ABŞ-nin 47-ci prezidenti kimi and içən Donald Tramp həm ölkə, həm də dünya qarşısında duran bir sıra prioritet məsələlərdən danışıb. İkinci dəfə prezident kürsüsünə əyləşən Ağ evin rəhbəri Amerikanı yenidən güclü, sağlam, zəngin, qürurlu və möhtəşəm edəcəyinə vəd verib. O, həmçinin dünyaya sülh çağırışı edib, özünü sülhməramlı adlandırıb.
Görünən odur ki, Tramp ikinci prezidentlik müddətində “sülhməramlı və birləşdirici” olmaq niyyətindədir.
O çıxışında əvvəlki prezident Cozef Baydenin bütün dünyada silahlı münaqişələrə səbəb olan səhv hesablamalarına da diqqət çəkib.
Şübhəsiz ki, Trampın növbəti prezidentlik müddəti postsovet məkanı, xüsusilə, Ukrayna və Cənubi Qafqaz regionu üçün də əhəmiyyət kəsb edir. Ukrayna ümid edir ki, Rusiya ilə davam edən müharibəyə nəhayət son qoyulacaq. Azərbaycan isə ümidvardır ki, ifrat ermənipərəst siyasət yürüdən Bayden və komandasından fərqli siyasətin şahidi olacaq.
Bəllidir ki, ərazi bütövlüyünü və suverenliyini təmin edən Azərbaycanın hədəfə alınması, Ermənistanla strateji tərəfdaşlıq sazişinin imzalanması, dəfələrlə “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi Bayden administrasiyası üçün prioritet oldu. O, dövlət katibi Antoni Blinkenlə birgə erməni lobbisinin tapşırıq və tezislərinə uyğun açıqlama və fəaliyyətlə yadda qaldı. Bu çirkin fəaliyyət son günə kimi davam etdi.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, indiki administrasiyanın isə bütün bu birtərəfli, qərəzli və riyakar siyasəti yaxın buraxmayacağına ümid etmək olar. Hər halda Azərbaycan buna ümid edir.
Prezident İlham Əliyev də ABŞ Prezidentinin inaqurasiyasından sonra göndərdiyi təbrik məktubunda bunu xüsusi vurğulayıb.
“Əminəm ki, Sizin gələcək fəaliyyətiniz dünyada sülhün təşviqində, beynəlxalq təhlükəsizliyin gücləndirilməsində önəmli rol oynayacaqdır. Azərbaycan ilə Birləşmiş Ştatlar özlərinin milli təhlükəsizlik maraqları əsasında qlobal çağırışlar və təhdidlərə, beynəlxalq terrorizmə və onun müxtəlif təzahürlərinə qarşı mübarizədə daim sıx əməkdaşlıq ediblər”, – Prezident vurğulayıb.
Qeyd etmək yerinə düşər ki, ABŞ ilə Azərbaycan arasında münasibətlərin tarixi müstəqilliyin ilk illərinə gedib çıxır, hətta ABŞ keçmiş Qarabağ münaqişəsinin nizamlanması məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri olub. Eləcə də, ABŞ “Əsrin müqaviləsi” neft-qaz sazişinin aktiv lobbiçilərindən, iştirakçılarından olub.
Prezident də Trampa ünvanladığı təbrik məktubunda bu məsələyə toxunub. Bildirib ki, Azərbaycan ABŞ-nin müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edən, enerji sahəsində xoş ənənələrə əsaslan və möhkəm təməllər üzərində qurulmuş əməkdaşlığı yüksək qiymətləndirir:
“Ölkəmizin enerji siyasətinə Sizin verdiyiniz daimi dəstəyinizi xüsusi vurğulamaq istərdim. Biz həm ənənəvi, həm də yeni əməkdaşlıq sahələri üzrə Birləşmiş Ştatlar ilə fəal və səmərəli birgə işimizi, qarşılıqlı inam və etimada əsaslanan tərəfdaşlığımızı bundan sonra da qətiyyətlə davam etdirmək və Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik”.
Növbəti çağırış və ümid ondan ibarətdir ki, Azərbaycan nəhayət ABŞ-nin Cənubi Qafqazda sülh və əmin-amanlığa töhfə verəcəyinə ümid edir. Hesab edilir ki, yeni administrasiya Ermənistanın revanşizm siyasətinə, onu buna vadar edənlərə reaksiya göstərəcək.
“İnanıram ki, Sizin yeni prezidentliyiniz dövründə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənəcək və yeni məzmun kəsb edəcəkdir”, – Prezidentin bu fikri Azərbaycanın ABŞ ilə münasibətlərə necə böyük önəm verdiyinin göstəricisidir.
Rəsmi Bakı nəhayət ki, Cənubi Qafqaza sülhün bərqərar olmasına çalışır. Lakin əvvəlki ABŞ administrasiyası hər vəchlə bu prosesə əngəl olmaq siyasəti apardı.
Qeyd edək ki, Donald Tramp birinci prezidentliyi müddətində ölkələrin daxili işlərinə qarışmamağa üstünlük verməsi ilə seçilib.
Noyabr seçkilərində qalib gəlməsi münasibətilə Trampı ilk təbrik edən dövlət başçılarından olan İlham Əliyev qeyd edib ki, seçkilərdə inamlı qələbə Amerika xalqının onun yürütdüyü siyasi xəttə böyük dəstək və etimadının aşkar ifadəsidir. Dövlətimizin başçısı vurğulayıb ki, Prezident Donald Trampın fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynayacaq.
Yanvarın 7-də yerli telekanallara müsahibəsində Prezident İlham Əliyev növbəti dəfə keçmiş Bayden administrasiyasının fəaliyyətini sərt tənqid edib. Bildirib ki, Bayden administrasiyasının Azərbaycanla bağlı əsas səhvi ondan ibarət idi ki, o, Amerika-Azərbaycan münasibətlərini Amerika-Ermənistan münasibətlərinin qurbanına çevirdi:
“Yəni, Azərbaycana Ermənistan-Azərbaycan, ya da ki, Amerika-Ermənistan münasibətlərinin prizmasından yanaşırdı və o vaxta qədər əldə edilmiş yaxşı nəticələr kölgədə qaldı, bu birincisi. İkincisi, Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləmişdir, xüsusilə Qarabağ məsələsi ilə bağlı və bu, həm ədalətsiz, həm də ki, ikili standartlara əsaslanan mövqe idi. Çünki mən Amerika nümayəndələrinə dəfələrlə deyirdim və açıq da deyirdim, mətbuatda da, siz Ukraynanın ərazi bütövlüyünü ikiəlli dəstəkləyirsiniz, silahlar verirsiniz, milyardlarla pul verirsiniz. Biz öz ərazi bütövlüyümüzü bərpa etmişik, niyə siz bizi cəzalandırmaq istəyirsiniz? Buna cavab verin. Cavab da yox idi. Cavab da bəllidir ki, bu, ikili standartlardır”.
Dövlət başçısı müsahibəsində gələcək Tramp hakimiyyətindən gözləntiləri açıq ifadə edib:
“Tramp bizim cəmiyyətimizin bölüşdüyü dəyərləri təbliğ edir. Ailə dəyərləri, mənəviyyat dəyərləri – bunları təbliğ edir. Elə bunun ailəsinə baxmaq kifayətdir”.
Prezident əlavə edib ki, Tramp öz açıqlamaları ilə çox aydın, açıq mesajlar göndərir:
“İndi bunların bəlkə də hamısını təhlil etmək mümkün deyil. Amma deyə bilərəm ki, onların böyük əksəriyyətini Azərbaycan ictimaiyyəti bölüşür. Yəni, ona görə ümidlər böyükdür. Ona görə mən dedim ki, ümidlər var, ümidlər böyükdür. O cümlədən Amerika-Azərbaycan strateji əlaqələrinə yaxınlaşmaq da mümkün olacaq. Mən hesab edirəm ki, əgər hər iki tərəf maraqlı olsa, biz Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik”.
Beləliklə, Donald Tramp and içdi və səlahiyyətlərinin icrasına başladı və Azərbaycan, bütövlükdə dünya bu prezidentlikdən nə gözləyir? Şübhəsiz ki, sülh, əmin-amanlıq və xalqların dinc yaşayışının təmin olunmasına töhfə verilməsini. ABŞ Prezidentinin də, qeyd etdiyimiz kimi, həm əvvəlki çıxışları, həm də andiçmə mərasimində səsləndirdiyi fikirlər bu qənaəti gücləndirir.