Azərbaycanlı gəncin xərçənglə bağlı elmi nailiyyəti dünyada rezonans doğurubbackend

Azərbaycanlı gəncin xərçənglə bağlı elmi nailiyyəti dünyada rezonans doğurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Mühəndislik Universitetinin (BMU) fizika fakültəsinin məzunu, hazırda Polşadakı Milli Nüvə Tədqiqatları Mərkəzində (NCBJ) fəaliyyət göstərən doktor Amil Əliqayev ağciyər xərçənginin erkən mərhələdə aşkarlanmasına yönəlmiş mühüm elmi nailiyyət əldə edib.

NOCOMMENT.az xəbər verir ki, Əliqayev və onun Çin, eləcə də Varşava Texnologiya Universitetlərinin tədqiqatçılarından ibarət elmi qrupu birgə şəkildə xəstəliyin etibarlı biomarkeri sayılan heksanal maddəsinin aşkarlanmasını mümkün edən yüksək həssaslıqlı dual-mode biosensor hazırlayıb.

Yeni texnologiya heksanal maddəsinə məruz qaldıqda həm güclü Raman siqnalı verir, həm də mavi rəng alır. Bu xüsusiyyət biosensorun həm laborator cihazlarla, həm də adi gözlə aşkarlanmasına imkan yaradır. Aparılan testlər nəticəsində biosensorun yüksək həssaslıq, seçicilik, təkrarlanma və uzunmüddətli sabitlik nümayiş etdirdiyi, həmçinin antibakterial aktivliyə malik olduğu müəyyən edilib.

Elmi qrup biosensoru ağız maskalarına və tor əsaslı qurğulara inteqrasiya edərək 20 ağciyər xərçəngi xəstəsi və 20 sağlam şəxs üzərində sınaqlar aparıb. Nəticələr bu texnologiyanın xəstələrin nəfəs nümunələrində heksanal maddəsinin mövcudluğunu dəqiq və sürətli müəyyən etməyə imkan verdiyini göstərib.

Bundan əlavə, tədqiqatçılar “ColorSeek” adlı süni intellekt əsaslı rəng tanıma sistemi də hazırlayıblar. Dərin öyrənmə metoduna əsaslanan bu sistem sensorun rəng dəyişikliklərini smartfon və kompüter vasitəsilə real vaxtda 95 faizdən yüksək dəqiqliklə analiz edə bilir.

Tədqiqatın nəticələri “Chemical Engineering Journal” jurnalında “Dual-mode SERS and colorimetric sensor for lung cancer VOC-biomarker detection using hydrogel patches” adlı məqalə şəklində dərc olunub (DOI: 10.1016/j.cej.2025.168343). Elmi iş beynəlxalq ictimaiyyətdə və Polşa, Çin, eləcə də digər ölkələrin mətbuatında geniş maraq doğurub.

Qeyd edək ki, BMU-nu fərqlənmə diplomu ilə bitirən Amil Əliqayev universitetin Fizika kafedrasında akademik fəaliyyətə başlayıb. Kondensə olunmuş maddələr fizikası sahəsinə olan dərin marağı onu xaricdə magistratura təhsilinə yönəldib. Çin Elektron Elm və Texnologiya Universitetində magistr dərəcəsini fərqlənmə ilə başa vurub və 2025-ci ildə həmin universitetdə fəlsəfə elmləri doktoru (PhD) dərəcəsi alıb. Elmi nailiyyətlərinə görə “Honorary Credential (Summa Cum Laude)” mükafatına layiq görülüb.

Hazırda Amil Əliqayev Polşanın Milli Nüvə Tədqiqatları Mərkəzində fəaliyyət göstərən “NOMATEN CeO” İnstitutunun Multiscale Hybrid Modeling of Materials tədqiqat qrupunun üzvüdür. O, Çin, Fransa, Finlandiya və İngiltərənin aparıcı elmi qurumları ilə birgə araşdırmalar aparır. Bununla yanaşı, “Entropy” (MDPI) jurnalında Guest Editor kimi çıxış edərək su-nanomaterial qarşılıqlı təsirlərinin araşdırılması üzrə qabaqcıl elmi işlərin yayılmasında mühüm rol oynayır.\\Valyuta.az

Gallery Image 1