Sahibkarlıq fəaliyyətinin düzgün şəkildə davam etdirilməsi üçün vergi öhdəliklərinə riayət etmək vacibdir. Lakin Azərbaycanda bir çox sahibkarlar vergi sahəsində müxtəlif səhvlər buraxır ki, bu da əlavə cərimələrə və maliyyə itkilərinə səbəb ola bilər.
Azərbaycan sahibkarlarının vergi sahəsində ən çox buraxdığı səhvlər hansılardır və bunların qarşısını necə almaq olar?
NOCOMMENT.az xəbər verir ki, Valyuta.az-a açıqlamasında biznes kouç Zülfiyyə Cəfərova bildirib ki, sahibkarlıq fəaliyyətində vergi ilə bağlı yaranan səhvlər müxtəlif səbəblərdən qaynaqlanır və bu vəziyyət hər bir sahibkar üçün fərqli olur: “Bir qrup sahibkar daim öyrənir, vergi sahəsindəki dəyişiklikləri izləyir, sənədləşmə və uçotunu düzgün təşkil edir. Lakin onlar vergi planlamasına diqqət yetirmir. Bu, vergilərin optimallaşdırılmasını və artıq vergi yükünün qarşısını almaq üçün hansı addımların atılacağını müəyyən etməməklə yanaşı, nağd pul dövriyyəsini də düzgün planlaşdırmamağa səbəb olur. Nəticədə, ilin sonunda ödəniləcək vergilər üçün kifayət qədər vəsait təmin etməkdə çətinliklər yaranır. Bu qrup sahibkarlara tövsiyəm peşəkar məsləhətçilərlə əməkdaşlıq etsinlər və vergi planlamasına ciddi yanaşsınlar”.
Z.Cəfərovanın fikrinə görə, digər sahibkar qrupunda isə vergi qanunvericiliyinin tam anlaşılmaması problemi mövcuddur: “Vergi Məcəlləsinə hər il edilən dəyişikliklər – yeni güzəştlər, köhnə güzəştlərin sərtləşdirilməsi, yeni bazar iştirakçılarının cəlb edilməsi, sanksiyaların artırılması və digər məsələlər sahibkarları, xüsusən də regionda fəaliyyət göstərən mikrosahibkarları narahat edir. Bu səbəbdən bəzi sahibkarlar vergidən yayınmaq üçün qanunsuz yollara müraciət edirlər, məsələn, post-terminal ilə ödəniş qəbul etməmək, icarə haqqını formal və qeyri-formal hissələrə bölmək, əmək müqaviləsi bağlamadan işçi götürmək. Lakin ən ciddi səhv qeyri-peşəkar şəxslərin məsləhəti ilə bu yollara müraciət etməkdir. bu da biznesin risk altına düşməsinə səbəb olur”.
“Bu sahibkarlara tövsiyəm düzgün qərarlar qəbul etmək üçün maariflənməyə, etibarlı mənbələrdən məlumat əldə etməyə və peşəkar məsləhətçilərin dəstəyindən yararlanmağa üstünlük versinlər”, – deyə əlavə edib.