Azərbaycandan Türkiyəyə oxumağa yollanan 24 yaşlı tələbə Səidə Kərimova fırıldaqçıların hədəfinə tuş gəlib.
NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, memarlıq ixtisası üzrə magistratura təhsili almaq üçün İstanbulda ev kirayələmək istəyən gənc xanım təxminən 8 min dollar ziyana düşüb.
Məlumata görə, hadisə avqustun 23-də Kərimovanın “əmlak agenti” olduğunu iddia edən Mustafa Boğaçhan K. ilə onlayn əlaqə saxlaması ilə başlayıb. Tərəflər “WhatsApp” vasitəsilə razılığa gəliblər. Kərimova evin fotolarına baxdıqdan sonra agentin verdiyi bank hesabına 6 aylıq kirayə pulu göndərib.
Oktyabrın 1-də İstanbula gələndə heç kimlə əlaqə saxlaya bilməyən azərbaycanlı tələbə belə bir evin olmadığını öyrənib. Daha sonra polis bölməsinə gedərək şikayət ərizəsi yazıb.
Kərimova başına gələnləri belə nəql edib: “Beşiktaşda ev kirayələmək istəyirdim. Evi bəyəndiyim üçün pulu göndərdim. İstanbula çatanda dedilər ki, ev sahibi gecikəcək, kafedə gözləyin. Dörd saat gözlədik, amma heç kim gəlmədi, mən onlara polisə zəng edəcəyimi bildirəndə məni otelə yerləşdirdilər”.
Fırıldaqçılar Kərimovaya “ev söküləcək”, “pulu qaytaracağam” kimi müxtəlif bəhanələr gətiriblər. O, hələ də dələduzların onun pulunu qaytarmadıqlarını vurğulayıb.
Fırıldaqçının ona şəxsiyyət vəsiqəsinin şəklini göndərərək, etibarını qazanmağa çalışdığını deyən Kərimova “Şəxsiyyət vəsiqəsini görəndə anladım ki, onun IBAN-da qeyd olunan şəxslə soyadı eynidir. Pulu qohumunun vasitəsilə aparıblar. İndi qızıllarını satıb pulunu ödəyəcəyini deyir”.
Polis hadisə ilə bağlı araşdırmalara başlasa da, gənc xanım hazırda müvəqqəti kirayə mənzildə qalır.