Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova verdiyi müsahibəsində 1980-ci illərin sonunda və 1990-cı illərin əvvəlində Ermənistandan zorla qovulmuş təxminən 300 min azərbaycanlının taleyi ilə bağlı məsələyə toxunub.
NOCOMMENT.az xəbər verir ki, bunu “Unikal”a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib.
Deputatın sözlərinə görə, dövlət başçısı bu icmanın reinteqrasiyası və tarixi torpaqlarına qayıtmaq hüququnun təmin olunmasının vacibliyini vurğulayıb. Bu çıxış həm humanitar, həm də beynəlxalq hüquqi baxımdan mühüm əhəmiyyət kəsb edir.
“O zaman Ermənistan ərazisində yaşayan azərbaycanlılar sistemli şəkildə zorakılıq və təzyiqlərə uğramış, kütləvi şəkildə öz doğma torpaqlarını tərk etmək məcburiyyətində qalmışdılar. Deportasiya prosesi zamanı on minlərlə azərbaycanlı həyatını itirmiş, yüz minlərlə insan isə didərgin düşmüşdür. Bu, BMT-nin İnsan Hüquqları Bəyannaməsi, Beynəlxalq Miqrasiya Konvensiyası və digər beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması idi. Prezident İlham Əliyev müsahibəsində bu tarixi faciəni xatırladaraq qeyd edib ki, həmin insanların zorla köçürülməsi onların qayıtmaq hüququnu aradan qaldırmır. Beynəlxalq hüquqa əsasən, müharibə və etnik təmizləmə nəticəsində doğma yurdlarından köçürülmüş şəxslərin qayıtmaq və reinteqrasiya olunmaq hüququ fundamental insan hüquqlarından biridir.
Azərbaycan rəhbərliyinin bu məsələdə sərgilədiyi mövqe sülhə və insan hüquqlarına sadiqliyi nümayiş etdirir. Ermənistan rəhbərliyinin susqunluğu isə sülh prosesinə xələl gətirən amillərdən biri olaraq qalır. Prezident İlham Əliyev bu vəziyyəti vurğulayaraq, azərbaycanlıların reinteqrasiyasının regionda davamlı sülhün təmin olunması üçün əsas şərtlərdən biri olduğunu bildirib.
Ermənistandan deportasiya olunmuş azərbaycanlıların öz torpaqlarına qayıtması yalnız humanitar bir məsələ deyil, həm də tarixi ədalətin bərpasıdır. Bu insanlar nəinki öz evlərini, həm də mədəni irslərini, tarixi torpaqlarını itirmişlər. Onların qayıdışı, yalnız fərdi hüquqların təmin olunması deyil, eyni zamanda, Ermənistan və Azərbaycan arasındakı etimadın yenidən qurulması baxımından da əhəmiyyətlidir. Azərbaycan tərəfi işğaldan azad edilmiş ərazilərdə ermənilərin reinteqrasiyası üçün zəruri addımlar atdığı kimi, Ermənistandan deportasiya olunmuş azərbaycanlıların da oxşar şəraitdə öz evlərinə qayıtması təmin olunmalıdır.
Prezident İlham Əliyevin Ermənistandan deportasiya olunmuş azərbaycanlıların hüquqlarına dair mövqeyi Azərbaycanın sülhə və humanitar dəyərlərə sadiqliyini bir daha nümayiş etdirir. Ermənistan rəhbərliyi isə bu məsələdə konstruktiv addımlar atmalı və beynəlxalq hüquqa uyğun olaraq deportasiya olunmuş azərbaycanlıların tarixi torpaqlarına qayıtması üçün şərait yaratmalıdır. Bu, regionda davamlı sülh və ədalətin bərpası üçün vacib bir addım olacaqdır.
Dünya ictimaiyyəti Azərbaycanın humanitar və sülhməramlı mövqeyini diqqətdə saxlamalı və bu məsələ beynəlxalq gündəmdə prioritet mövzulardan biri olaraq qalmalıdır. Ermənistan rəhbərliyi isə sülh prosesində üzərinə düşən öhdəlikləri yerinə yetirməli, tarixi ədalətin bərpasına töhfə verməlidir”.