Xəbər verdiyimiz kimi, “Azərenerji” ASC-nin Prezidenti Balababa Rzayevə şiddətli töhmət verilib. O, elə bir məsələyə görə cəzalandırılıb ki, ictimaiyyət üçün bu, bir qədər təəccüblü qarşılanır. Şüurlarda sual dolaşır: Necə yəni nəzərdə tutulandan daha artıq qazı elektrik enerjisinə çevirib? Bu cür detallar Azərbaycanda heç vaxt bu cür ağır cəzalarla müşayiət edilmir. İndi noldu məşhur yumoristik səhnədə deyildiyi kimi, “Xəzərə iki kibrit çöpü atdığı” üçün Balababa müəllim şiddətli töhmət “qonaq” edildi?!
Əksər rəylərə görə bu, məsələnin görünən tərəfidir. Ortada başqa səbəblər ola bilər. Artıq suallar bu yöndə verilir ki, Balababa Rzayev həbs oluna bilərmi?
NOCOMMENT.az xəbər verir ki, Globalinfo.az-a danışan vəkil Mehman Muradlı deyib ki, burada Balababa Rzayevin dövlətə vurduğu zərərə diqqət yetirmək lazımdır.
Onun sözlərinə görə, əgər B.Rzayev qanunsuz hərəkəti ilə dövlətə, müəssisəyə konkret məbləğdə cinayətin yaranmasına səbəb olan hər hansı bir zərər vurubsa, o halda Balababa Rzayevə qarşı cinayət işi başladıla bilər:
“Yox, əgər o, nəzərdə tutulmuş qazı elektrik enerjisinə çevirərkən limiti keçibsə, burada inzibati xətaya yol vermiş ola bilər. Lakin cinayət məsuliyyətinin də olması istisna edilmir. Məbləğ olaraq tam sübuta yetirilsə ki, B.Rzayev dövlətə zərər vurub, o halda məsuliyyətə cəlb oluna bilər. Digər hallarda onun addımı hər hansı bir pozuntu yaratmırsa, inzibati xəta ilə də sovuşdurulması mümkündür”.
Mehman Muradlının dediklərinə görə, dəfələrlə olub ki, nazirliklər və digər orqanların əməkdaşları inzibati məsuliyyətə cəlb olunub:
“Vaxt var idi, sabiq səhiyyə naziri Əli İnsanovun özünü məsuliyyətə cəlb etmişdilər. Burada cinayət məsuliyyətindən söhbət getmir. Adam nazir olanda işçini işdən çıxarmışdı, məhkəmə də işçini işə bərpa olunması ilə bağlı qərar qəbul etmişdi. Ə.İnsanov məhkəmə qərarını icra etmədiyi üçün dəfələrlə onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdu. Bu gün sırf ekologiya ilə bağlı olan məsələlərə riayət olunmadığı halda həmin müəssisələri, dövlət orqanlarını normal qaydada həm cərimə edirlər, həm də barələrində inzibati protokol tərtib olunur”.
Vəkil deyib ki, Balababa Rzayevin pozuntusu gətirib, küllü miqdarda zərərə çıxarırsa, o zaman Rzayev qanunsuz qərarına görə cinayət məsuliyyətinə cəlb oluna bilər.