Azəriqaz iki övladı ön cəbhədə olan ailənin qazla təminatına 1200 manat istəyir — ŞİKAYƏTbackend

Azəriqaz iki övladı ön cəbhədə olan ailənin qazla təminatına 1200 manat istəyirŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göyçay rayonu, Müskürlü kənd sakini Həsrətov Ruslan Əmir oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. İki övladının hərbi xidmətdə olduğunu deyən ailə başçısı, mənzilinə qaz çəkilməsi üçün saytımız vasitəsilə aidiyyəti qurumlara müraciət ünvanlayıb:

“Mən iki əsgərin ailəsi olaraq Azərbaycan dövlətindən, Azərbaycan xalqından kömək istəyirəm!

Mən 4 azyaşlı uşağımla Göyçay rayonu Müskürlü kəndində, acınacaqlı, yoxsulluq şəraitində yaşayıram. Evimə qaz xətti çəkilmədiyi üçün qışda soyuqdan əziyyət çəkirik. Hansı ki, mövcud qaz xətti ilə evimizə qədər olan məsafə cəmi 100 metrdir.

Evimizə qaz xəttinin çəkilməsi üçün “Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regioanal Qaz İstismarı İdarəsinin Göyçay xidmət sahəsi məndən 1200 manat pul istəyir. Buna isə mənim maddi imkanım yoxdur. Çünki işsizəm, 4-ü azyaşlı olmaqla 6 nəfərdən ibarət ailəm var. Bizim yaşayışımızı gəlib gözləri ilə görən olsa, dəhşətə gələr.

Qazın olmamasına görə, soyuq evdə yaşadığımız üçün 4 yaşlı uşağımın ağciyərinə su gəlib, həyat yoldaşım qaraciyər xəstəliyinə yoluxub. Növbəti qışda qazımız olmasa, ailəmiz, azyaşlı uşaqlarım soyuqdan xəstələnib öləcəklər.

Qeyd edim ki, ailəmin iki üzvü Yusif və Pərvin Həsrətzadə qardaşları Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq ön cəbhədə iştirak edirlər.

Çıxılmaz vəziyyətdə ölümlə üz-üzə qalsaq da, ümidimizi üzməmişik, Azərbaycan xalqına, Azərbaycan dövlətinə güvənib bu müraciəti edirik. Xahiş edirəm, yalvarıram, azyaşlı uşaqlarımın xəstəlikdən ölməməsi üçün evimizə qaz xəttinin çəkilməsinə köməklik göstərəsiniz”.