“Azgəlirli əhali qrupu inflyasiyanı daha çox hiss edir” – Zahid Orucbackend

“Azgəlirli əhali qrupu inflyasiyanı daha çox hiss edir” – Zahid Oruc

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dövlət büdcəsinin icrasını qiymətləndirərəkən, regional və beynəlxalq hərbi-siyasi böhranlar şəraitində milli təhülkəsizliyin təmin olunması, ən başlıcası tarixi Xankəndi Zəfəri, yeni qalib 100 ilin başlanması 2023-cü ilin ən parlaq hadisələridir”.

NOCOMMENT.az redaktor.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc söyləyib.

O bildirib ki, əhatə olunduğumuz regionda embarqo və sanksiyalara məruz qalmayan, tək uzlaşdırıcı dövlət statusu, Böyük Qayıdış kursu, ölkə rəhbərinin Xocalıya tarixi dönüşü həyata keçirirəkən dediyi, “Qarabağ və Şərqi Zəngəzur zonasını güclü istehkama çevirəcəyik” vurğusu 90-cı illərin məğlubiyyət səbəblərini birdəfəlik istisna etmək və gələcək təhlükələri neytrallaşdırmaq baxımından ötən il görülən işlərin əsas hədəfləri olub:

“Büdcənin icrası ilə bağlı vəziyyəti qiymətləndirərkən, 2023-cü ilin son 6 ayında informasiya-media məkanında tirajlanan bir neçə problemə diqqət yetirmək istərdik. Birinci olaraq, sosial mediada ən çox müzakirə olunan məsələlərdən biri minimum və orta əmək haqqı ilə bağlıdır. Xüsusilə bu göstəricilərə görə regional müqayisədə Gürcüstan və Ermənistanın ölkəmizdən irəli keçməsidir. Əlbəttə, Rusiyanın embarqo və sanksiyalara məruz qalması belə süni vəziyyət yaratdığı bəllidir, qonşu ölkələrin rəqəmlərindəki sıçrayış iqtisadiyyatın əsas sahələr üzrə köklü inkişafının nəticəsi deyil. Hazırki rəsmi statistika əsasında müqayisə: Azərbaycanda aylıq orta əmək haqqı 557 dollar, Ermənistanda aylıq orta əmək haqqı 710 dollar, Gürcüstanda aylıq orta əmək haqqı 748 dollardır. MDB statistika qurumunun verdiyi məlumata görə 2023-cü ildə üzv ölkələrdə orta aylıq əmək haqqı: Ermənistan – 824 ABŞ dollar, Azərbaycan – 560 ABŞ dolları olub. Biz Cənubi Qafqazda liderliyimizi qorumaq üçün daha təsirli tədbirlər görməliyik.

“Azərbaycan 2020: Gələcəyə Baxış İnkişaf Konsepsiyası” sənədinə əsasən Hökumətin hədəflərindən biri minimum maaşı orta aylıq əməkhaqqının 60 faizinə çatdırmaq idi. Ancaq rəsmi rəqəmlər hədəfə çatmadığımızı göstərir. Əhalinin orta təbəqəsini yaşayış səviyyəsinin yüksəldilməsi üçün kənd təsərrüfatına yeni imkanların yaradılması, vergilərin və kredit faizlərinin azaldılması bütün informasiya lentlərində qırmızı xətlə keçir. Müqayisə üçün, ekspertlərin mövqeyi maraq doğurur: “Gürcüstan ərazisi Azərbaycanın 19,5%, əhalisi isə Azərbaycan əhalisindən 2,7 dəfə azdır. Azərbaycan Gürcüstana ixrac etdiyindən 5,3 dəfə çox ərzaq məhsulları idxal edir. Belə ki, Azərbaycan Gürcüstana 13 milyon dollar dəyərində yeyinti məhsulları ixrac etdiyi halda, həmin ölkədən 71 milyon dollar dəyərində ərzaq məhsulları idxal edir. Fərqi nəzərə alsaq, ölkəmizdən çıxarılan 58 milyon dollar, yəni 100 milyon manata yaxın vəsait burada qalsaydı, sahibkarlığın inkişafına töhfə olardı”.

Millət vəkili vurğulayıb ki, qiymətlərin artımı və inflasiyanın səviyyəsi informasiya məkanında ən çox müzakirə olunur. İnflyasiyanın pik dövründə qida inflyasiyası 20%-i aşıb.

“Əhalinin xərclərinin yarıdan çoxunu ərzaq məhsulları təşkil etdiyini nəzərə alsaq, azgəlirli əhali qrupu inflyasiyanı daha çox hiss edir. Mediada xüsusi vurğulanan məsələlərdən biri də dövlət proqramlarının icra vəziyyətinə dair məlumat platformasının mövcud olmamasıdır. Əlbəttə, 10-larla uğurlu layihələrdən ötən illər ərzində dəfələrlə bəhs olunub, lakin məsələn, məişət tullantılarının idarə edilməsi üzrə obyektlərin tikintisi (2018-2022-ci illər üzrə Dövlət Proqramı) nəzərdə tutulduğu halda bu proqramın icra olunmamasının bir nümunəsi Göyçaya gələn zibil selinin düşmənlərimiz tərəfindən COP29 öncəsi ölkəmizə qarşı kampaniya aparanların əlində arqumentə çevrilməsini göstərmək olar.

Digər məsələ, Açıq Hökümət Platformasından çıxandan sonra yaranan narahatlıqlardır. Mərkəzi Bankın Hökumət Ödəniş Portalını (HÖP) ləğv etməsi mikro sahibkarlığa mənfi təsir edib. Yeni sistemdə əsas problem vergi ödənişi zamanı böyük məbləğlər üçün komissiya haqqının yüksək olmasıdır. İkincisi, ödəniş etdikdən sonra arxivi tapmaq olmur.

Ambulans çatışmazlığı və tibbi yardımın gecikməsi, uzadılması probleminə diqqət çəkmək yerinə düşər. Bakıda 139 ambulans fəaliyyət göstərir. Paytaxtda rəsmi olaraq 2,5 milyona yaxın insanın qeydiyyatda olduğunu nəzərə alsaq, 18 min nəfərə 1 ambulans düşür. Onlar da yollardakı tıxaclardan hərəkət edə bilmir. Bakıda qeyri-rəsmi olaraq, yaşayanları da əlavə etsək, vəziyyəti təsəvvürə getərimək çətin deyil. Xatırladaq ki, əhalisi 1.2 milyin nəfər olan Tbilisidə təcili yardım maşınlarının sayı 200-yə yaxındır. Narkotik problemi barədə də bir neçə kəlmə demək istərdik. İstifadəçilərin sayı artdığı üçün, bununla əlaqədar cinayətlərin də sayı da çoxalır ki, bütün bunlar ictimai narahatlıqlar doğurur. 2017-ci ildə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin sayı 2 min 899 olmuşdu. Ötən il rəqəm 10 min 665-ə çatıb.. Deməli, beş ildə dörd dəfəyə yaxın artım var. Ölkəmizdə 8 min 777 nəfər narkotik cinayətlərinə görə məsuliyyətə cəlb olunub. Həmin şəxslərdən 16 nəfərin 18 yaşı olmayıb. Göründüyü kimi, uşaqlar arasında da narkotik cinayətləri mövcuddur.

Ona görə büdcənin icrasına yüksək qiymət verərək, tarixi uğurlarımızı qürurla qedy edərək, probelmləri də dəyərləndirməyi vacib sayır, sənədin qəbuluna müsbət verəcəyimizi bildirmək istərdik”, – deyə Zahid Oruc çıxışını yekunlaşdırıb.