Baş Gömrük İdarəsi sahibkarın malını vermir: Prezidentin adından necə istifadə edilir – ŞOK FAKTLARbackend

Baş Gömrük İdarəsi sahibkarın malını vermir: Prezidentin adından necə istifadə edilir – ŞOK FAKTLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sahibkar Nərmin Muradova Bakı Baş Gömrük İdarəsində (BBGİ) baş verənlər ilə əlaqədar ölkə rəhbərliyinə səslənir.

NOCOMMENT.az xəbər verir ki, sahibkar N.Muradova 24.11.2020 il tarixində ölkəyə idxal olunan bioloji fəallığa malik qida əlavələrindən ibarət yükünün BBGİ-də saxlanıldığını bildirir.

Artıq 20 gündən artıq bir müddətdir ki, sahibkar respublikaya gətirdiyi malı rəsmiləşdirib satışa çıxarda bilmir. Səbəb kimi isə gömrük bəyamnaməsinin məbləği 12 min 245 manat olduğu halda iş adamına 73 min manat ödəməli olduğunu bildirirlər.

Həmin ödəniş qarşılığında isə sahibkar Nərmin Muradovaya heç bir rəsmi sənəd verilmir.

“İdxal olunan məhsul Türkiyə respublikasının REFORM PHARMA İLAÇ GİDA KOZMETİK Fabrikasından rəsmi invoys ilə idxal olunur.

Məhsulun 19 453 ABŞ dollarlıq invoysu olduğu halda Azərbaycanın Dövlət Gömrük Komitəsi BBGİ rəisi Kənan Məmmədov başda olmaqla ödəniləcək məbləği süni şəkildə qaldıraraq 150 000 ABŞ dollar ediblər.

Qeyd olunan 150 min dollarlıq məbləğə görə heç bir əsaslandırma edə bilmədiklərinə, qiymətin bu qədər qaldırılmasına heç bir səbəb göstərə bilmədiklərinə görə məndən 73 000 manat tələb edirlər.

Bununla əlaqədar BBGİ-nə müraciət edərək bildirdim ki, səhhətimdə olan problemlərlə əlaqədar mənə məxsus yükü Qasımov Elçin adlı şəxsin adına vurmuşam. Sağlamlığım ilə bağlı idxal olunan məhsulun gömrük rəsmiləşdirilməsi üçün rəsmi etiabrnamə əsasında əməkdaşlıq etdiyimiz Broker şirkətinə həvalə etmişəm. Məhsulu adına vurduğum şəxs bizə bildirdi ki, mən bacarmıram, məhsula 93 min manatdan endirim edərək 73 min manat müəyyən ediblər. Gedin malınızı özünüz rəsmiləşdirərək çıxardın.

Bununla bağlı Gömrük əməkdaşı Rövşən Abdullayevə müraciət etdim. R.Abdullayev mənimlə birlikdə Zaur adlı bir məmura yaxınlaşdı və həmin yoldaş köməklik edəcəklərini bildirdilər. Səhərisi gün R.Abdullayev bildirdi ki, daha sizsiniz, gəlmisiniz, qalxaq Faiq Əsədovun yanına. Bu zaman isə Faiq Əsədov və Kənan Məmmədov mənə 73 min manat vəsaiti əsassız olaraq ödəməmi tələb etdilər.

Mən buna etiraz edərək gətirdiyim məhsulun dəyərinin o qədər etmədiyini və tələb olunan vəsaitə görə qəbz tələb etdim. Lakin idxal olunan məhsulun hesablanaraq bu məbləğin formalaşdırılmasını göstərəcək heç bir sənəd və sübüt təqdim edilmədən 73 min manat yazılaraq mənə verildi.

Bu məhsullar artıq Gömrükdə 20 gündən çoxdur ki, dayanıb. Hansı ki, mən hər bir gün üçün TIR sürücüsünə 100 ABŞ dolları ödəyirəm. Artıq həmin TIR sürücüsünü burada saxlaya bilmirəm. Sürücü də yorulduğunu və evinə getmək istədiyini deyir. Gömrük Komitəsi isə heç bir razılığa gəlmir.

Baş verənlərlə əlaqədar olaraq Dövlət Gömrük Komitəsinə gələrək Fərid Əliyevə müraciət etdim. F.Əliyevin rəhbərlik etdiyi şöbədə Coşqun İsmayılov adlı şəxslə danışdım. C.İsmayılov mənə bildirdi ki, BBGİ-də Rövşən Abdullayevə tapşırmışam və rəis Fərid Əliyevə məruzə etmişəm. F.Əliyev Rövşən Abdullayevə yenidən baxış keçirilərək, yenidən hesablama aparılmasını və məbləğdən 30% çıxılmasını deyib.

Lakin bütün bunlardan sonra BBGİ-də R.Abdullayev mənə bildirdi ki, ona heç bir zəng gəlməyib və zəng olunsa belə 73 min manat ödəniş edilməlidir.

Heç bir hesablama sənədi və sübutu olmadan məlum aptek qiymətləri olduğu halda burada müxtəlif qiymətlər ilə hesablama aparılır.

Növbəti günü yenidən İdarəyə getsəm də, mühafizədən Kənan Məmmədov ilə telefon əlaqəsi yaradıldı və bir daha K.Məmmədov 73 min manat ödənilməli olduğunu bildirdi. K.Məmmədov qeyd etdi ki, endirim etmişik, 93 min manatdan 73 min manata salmışıq, ödəsin malını çıxartsın.

Bununla bağlı ölkə başçısı cənab İlham Əliyevə şikayət məktubu göndərəcəyik.

Tək mən deyiləm, bu kimi hallarla bağlı bir çox sahibkarlar var ki, onlar da mənim kimi əziyyət çəkirlər. BBGİ-dən Kənan Məmmədov bizə bildirir ki, cənab Prezidentin sərəncamıdır və biz bunu icra edirik.

Kənan Məmmədov

Onu da bildirmək istəyirəm ki, ölkə başçısı, cənab Prezident İlham Əliyev mən xalqa xidmət edirəm dediyi halda, gömrük məmurları Kənan Məmmədov, Faiq ƏsədovFərid Əliyev vətəndaşı qəbul etməkdən imtina edir. Onlar vətəndaşa kömək etmək deyil, heç vətəndaşı qəbul belə edib dinləmirlər. Sadəcə qələm ilə Bəyannaməyə məbləği yazırlar və bildirirlər ki, bu məbləğ ödənilməlidir.

Sahibkar həmçinin qeyd edib ki, bioloji fəallığa malik qida əlavələri Azərbaycan ərazisində Tarif Şurasının heç bir qiymətləri ilə tənzimlənmir və azad satışdır. Bu səbəbdən də sahibkar bu məhsulların satışına apteklərdə istənilən qiyməti müəyyən edə bilər. Eyni zamanda bu məhsulların apteklərlə yanaşı marketlərdə də satışı mümkündür.

Sahibkar Nərmin Muradova

NOCOMMENT.az