Bakı İslam Universitetinin məzunları din xadimi ola bilməz? – AÇIQLAMAbackend

Bakı İslam Universitetinin məzunları din xadimi ola bilməz? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaricdə dini təhsil almış şəxslərin və Bakı İslam Universitetinin məzunlarının din xadimi vəzifələrinə qəbul edilməməsi barədə iddialara aydınlıq gətirilib.

NOCOMMENT xəbər verir ki, bu barədə modern.az-a açıqlama verən İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov bildirib ki, xaricdə dini təhsil almış şəxslərin ibadətgahlarda fəaliyyət göstərməsinə heç bir qadağa yoxdur: “Əgər dini təhsillə bağlı universitet, yaxud mədrəsə diplomu varsa, həmin şəxslər Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin təşkil etdiyi müsabiqədə iştirak edə bilər. Əgər müsabiqədən uğurla keçərsə, yəni komissiya üzvlərinin suallarına cavab verə bilərsə, həmin şəxs imam kimi təyin oluna bilər. Onu da bildirim ki, Bakı İslam universitetinin diplomları dini sahədə tanınır. Həmin universitetin məzunları din xadimi kimi fəaliyyət göstərə bilərlər. Onların önündə hansısa maneə yoxdur. Bu gün Azərbaycan məscidlərində kifayət qədər Bakı İslam Universitetini bitirmiş din xadimlərimiz fəaliyyət göstərir”.

A.Şirinov, həmçinin, İlahiyyat İnstitunun builki məzunlarının sayını açıqlayıb: “İlahiyyat İnstitutunun bu il ilk məzun buraxılışı olub. Bundan sonra bizim məzunlarımız olacaq. İlahiyyat İnstitutunun İslamşünaslıq ixtisası üzrə təhsilini davam etdirənlərin din xadimi kimi müvafiq komissiyadan, imtahandan keçdikdən sonra din xadimi kimi fəaliyyət göstərmələri nəzərdə tutulur.

Bundan əvvəl də Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin, eyni zamanda Bakı İslam Universitetinin kifayət qədər məzunları olub. Onlar da müsabiqədə iştirak edə bilirlər.

Bu il İlahiyyat İnstitutunu təqribən 35 nəfər məzun bitirib. Onlar vakant yerlər açılarsa, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət edirlər. Sənədlərini təqdim etdikdən və komissiyadan keçdikdən sonra məqbul qiymət aldıqları təqdirdə təyinatlar alacaqlar”.

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə hazırda Azərbaycanda 2 250 məscidin fəaliyyət göstərdiyini, ibadət ocaqlarının çoxunda din xadimlərinin çalışdığını vurğulayıb: “Bu gün məscidlərin mütləq əksəriyyətində din xadimləri fəaliyyət göstərir. Burada sadəcə yerdəyişmələr nəzərdə tutulub. Vakansiyalar buna uyğun həyata keçirilir. Bakı İslam Universiteti ilə bağlı məsələyə gəldikdə isə hesab edirəm ki, bu təhsil müəssisəsini bitirənlərin diplom problemi təhlil olunmalıdır. Bu günə qədər 3 mindən artıq şəxs diplom ala bilmir”.

Deputat hesab edir ki, digər tərəfdən İlahiyyat İnstitutuna qəbulu artırmaq lazımdır: “Bu çox ciddi məsələdir. Biz hər kəsi məscidlərimizə din xadimi kimi təyin edə bilmərik. Eyni zamanda Bakı İslam universitetini bitirən savadlı, bilikli, qanuni yolla təhsil alan vətəndaşlarımızın bu prosesə cəlb edilməsi məsələsinə baxıla bilər. Bu gün dini təhlükəsizliyimizi təmin etmək istəyiriksə, bunu mütləq həyata keçirməliyik. Qanunla dəyişiklikdə məqsəd, əsas hədəf odur ki, biz öz milli kadrlarımızı lazım olan yerlərə yerləşdirək. Hesab edirəm ki, burada görüləcək işlər həddindən artıq çoxdur. Çox ciddi addımlar atılmalıdır”.

Qeyd edək ki, Azərbaycanda məscid və digər dini ibadətgahlara təyinat Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən müsabiqə əsasında həyata keçirilir. Yeni tələblərə əsasən, məscidlərdə və ibadət yerlərində din xadimi kimi fəaliyyət göstərmək istəyənlərin mütləq dini ali və orta təhsili olmalıdır.