İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri geniş vüsət alır. Bu proses çərçivəsində strateji qərarlardan biri kimi ölkənin ən böyük avtomobil bazarının Ağdama köçürülməsi məsələsi gündəmdədir. Mütəxəssislər bu addımın avtomobil ticarətinə və qiymətlərə təsirini də qiymətləndirirlər.
NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, dövlətin əsas hədəflərindən biri regionların sürətli inkişafını təmin etməkdir. Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin iqtisadi dövriyyəyə qaytarılması ölkənin ümumi inkişaf tempinə əlavə güc verəcək:

“Azərbaycanın nəqliyyat infrastrukturunun genişləndirilməsi, bölgələrdə bazarların formalaşdırılması və insanların rentabelliyinin artırılması xüsusi əhəmiyyət daşıyır. Avtomobil bazarının Ağdama köçürülməsi Qarabağ iqtisadi zonasının da çiçəklənməsinə təkan verə bilər.”
Ekspert qeyd edib ki, avtomobil bazarının Ağdama yerləşdirilməsi həmin regionun alıcılıq imkanına uyğun ticarətin formalaşmasına, həmçinin xaricdən gətirilən avtomobillərin satışının orada təmin olunmasına şərait yaradacaq. Əsədovun sözlərinə görə, notariat və digər dövlət xidmətlərinin həmin ərazidə cəmlənməsi yeni bazar imicinin formalaşmasına səbəb olacaq:
“Bu addım yeni mexanizm yaradacaq və bazarın fəaliyyətini daha səmərəli hala gətirəcək. İnkişafı ləngidən heç bir amil görmürəm.”
Ekspert hesab edir ki, köçürülmə avtomobil qiymətlərində ciddi artım üçün əsas yaratmır. Əksinə, yeni bazar modelinin formalaşması rəqabəti artıraraq uzunmüddətli perspektivdə qiymətlərin stabilləşməsinə səbəb ola bilər.













