Bakı və Abşeron yarımadasında iki gün ərzində fasiləsiz yağan güclü yağışların törətdiyi fəsadlar hələ də aradan qaldırılmayıb.
Paytaxtın əsas magistral yollarından biri olan Bakı-Sumqayıt şosesinin kənarında, xüsusilə “Çinar MTK” yaşayış binasının yerləşdiyi ərazidə vəziyyət kritik həddə çatıb. Yağıntılar kəsilsə də, binanın ətrafındakı nəhəng su gölməçələri və sel qalıqları hələ də təmizlənməmiş qalır.
NOCOMMENT.az xəbər verir ki, sözügedən yaşayış kompleksinin ətrafında acınacaqlı mənzərə hökm sürür. Sakinlərin binaya giriş-çıxışı tamamilə məhdudlaşıb, ərazi sel sularının əsarətindədir. Onların sözlərinə görə, yağan yağış binanın özülünə dolub. Qeyd edilib ki, yeni tikilən binanın orta hissəsi boşdur və hər an çökmə hadisəsi baş verə bilər.
Aidiyyatı qurumların müdaxiləsinin gecikməsi həm piyadaların, həm də sürücülərin hərəkətini qeyri-mümkün edib. Binanın ətrafının hələ də təmizlənməməsi ərazidə ciddi antisanitar vəziyyət yaradıb və sakinlərin haqlı narazılığına səbəb olub.
Görüntüləri təqdim edirik:









