2018-ci ilin aprel ayında Nazirlər Kabinetinin iclasında rəsmi şəkildə açıqlanmışdı ki, Bakı şəhərinin 80%-i sutkada 24 saat fasiləsiz su ilə təmin olunub və yaxın 2-3 il ərzində bu göstərici 100%-ə çatdırılacaq. Lakin 2025-ci ilin iyul ayına gəldikdə, bu vədin reallıqla üst-üstə düşmədiyi açıq şəkildə görünür.
Mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, Bakının bir sıra rayonlarında və ətraf qəsəbələrdə su təchizatı ciddi problemlərlə üzləşib. Bəzi ərazilərdə günlərlə suyun verilmədiyi, ən yaxşı halda isə gündə cəmi 1-2 saatlıq su təminatı olduğu bildirilir.
NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev News24.az-a açıqlamasında bildirib ki, hazırda Bakıda demoqrafik sıxlıq getdikcə artır və bu, su resurslarına olan basqını daha da gücləndirir:
“Yay aylarında suya olan tələbat artır. İnsanlar suyu təkcə içmək üçün deyil, həm suvarma, həm də məişət ehtiyacları üçün geniş şəkildə istifadə edirlər. Bu da sistemə əlavə yük yaradır”,
Ekspertin sözlərinə görə, hazırda Bakı əsasən Kür çayının suyu ilə təmin olunur. Lakin bu suyun böyük hissəsinin içməli su kimi istifadə edilməsi suvarma imkanlarını məhdudlaşdırır:
“Kürün suyu Bakıya gətirilir, amma o suyun suvarma məqsədilə istifadəsi daha məqsədəuyğun olardı. Hazırda Bakıda buxarlanma çox yüksək səviyyədədir. Nəticədə, yaşıllıqların qorunması üçün həftədə ən azı bir dəfə suvarma tələb olunur”.
Ənvər Əliyev əlavə edib ki, su problemi ilə mübarizədə strateji yanaşma vacibdir və bu kontekstdə işğaldan azad olunmuş ərazilərdəki su ehtiyatlarının Bakı şəhərinə yönəldilməsi prioritet məsələyə çevrilməlidir:
“Sərsəng su anbarı Azərbaycanın ən iri su ehtiyatlarından biridir. Oradan Bakıya su gətirilməsi hazırkı vəziyyətdə zərurətə çevrilib. Əgər biz gələcəkdə qıtlıqla üzləşmək istəmiriksə, o zaman bu istiqamətdə konkret addımlar atılmalıdır”.