Trampın Cənubi Qafqaza diqqəti artacaq, Azərbaycan onun üçün daha cəlbedicidir
“Apardıqları siyasətdə oxşar yanaşmalar səbəbindən Azərbaycan hakimiyyəti üçün Tramp administrasiyası ilə işləmək xeyli asan olacaq. Tramp konstruktivliyə və iqtisadi mənfəətə hədəflənib”. Bu sözləri Rusiya Beynəlxalq Əlaqələr Şurasının proqram koordinatoru Milan Lazoviç “Moskva-Bakı”ya müsahibəsində Rusiya ilə ABŞ arasında münasibətlərin potensial yaxşılaşması və bunun Cənubi Qafqaz regionuna necə təsir göstərə biləcəyini şərh edərkən deyib.
“Trampı ideoloji məsələlər maraqlandırmır. Eyni sözləri Azərbaycan prezidenti İlham Əliyev haqqında da demək olar. Hər iki lider ilk növbədə öz ölkələrinin maraqlarını həyata keçirməyə köklənmiş güclü dövlət xadimləridir. Onlar öz xarici siyasətini buna əsasən qururlar. Ona görə də onların ortaq dil tapmaqları xeyli asanlaşacaq. Bundan əlavə, Bayden dönəmində Bakı və Vaşinqton arasında gərginlik ABŞ-ın Ermənistanın fəal dəstəyi ilə bağlı idi. Üstəlik, Tramp Ermənistana da aktiv yardım göstərən ideoloji strukturu – USAİD-i ləğv etdi. Bu addım ABŞ-Azərbaycan əlaqələrində qıcıqlandırıcıların aradan qaldırılmasına kömək edəcək”, – Lazoviç əlavə edib.
Rəsmi Bakının ABŞ-ın yeni prezidenti Donald Trampdan pozitiv gözləntisi qalır. Hansı ki, Prezident İlham Əliyev səviyyəsində bəyan edilib. Bu da ən əvvəl Co Bayden dönəmində Vaşinqtonun sərgilədiyi anti-Azərbaycan mövqeyindən imtina və əlaqələrin normal tərəfdaşlıq, hətta mümkün olarsa, strateji tərəfdaşlıq səviyyəsinə gətirilməsi ilə bağlıdır.
Bu gözlənti gerçəkləşəcəkmi? Trampın ətrafına yığışmış ermənipərəstlər buna imkan verəcəkmi?
Abutalıb Səmədov
NOCOMMENT.az xəbər verir ki, “Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, ABŞ-ın erməniyönlü, Ermənistanı dəstəkləyən fəaliyyəti əsasən 2023-cü ildən başlayıb: “Həmin dövrə qədər Bayden administrasiyası konstruktiv mövqe tuturdu. Hətta Vaşinqton variantının ortaya çıxması, Paşinyanın 2022-ci ilin oktyabrında Praqa sənədinə imza atması ABŞ-ın Ermənistana təzyiqi nəticəsində mümkün olmuşdu. Bütün bu fəaliyyətin yekunu olaraq 2023-cü ilin fevralında Azərbaycan prezidenti Münhendə açıq şəkildə demişdi ki, Azərbaycan danışıqları Qərb platformasında aparmaqda maraqlıdır. 2023-cü ilin əvvələrindən başlayaraq Ermənistan aktiv şəkildə antirus mövqeyi tutdu. Çünki 2022-ci ilin sonlarında Soçidə keçirilən sammitdə arzuladığını ala bilmədi. 2023-cü ildə Ermənistanın aktiv şəkildə anti-Rusiya mövqeyinə keçməsi Vaşinqtonun da baxışlarını dəyişdirdi və Bayden hökuməti aktiv şəkildə Ermənistana dəstək verməyə başladı və bunun da nəticəsində vasitəçilik imkanını itirdi, Qərb platforması fəaliyyət qabiliyyətini itirmiş oldu. Həm Avropa İttifaqı, həm də Vaşinqton oyundan kənar vəziyyətdə qaldı. Tramp administrasiyasının Cənubi Qafqaza münasibəti dəyişdirəcəyi heç kimdə şübhə doğurmur. Çünki bu administrasiyasını hər şeydən çox iqtisadi maraqlar düşündürür. Bu baxımdan təbiidir ki, Azərbaycan Tramp üçün daha cəlb edicidir. Trampın bölgəyə digər marağı təbiidir ki, sülh sazişinin imzalanması ilə bağlı ola bilər. Nə qədər vaxt elan eləsə də Ukraynada sülhə nə yüz gündə, nə də 6 ayda nail olmaq mümkünsüzdür. Bunu Tramp da yaxşı başa düşür və tələb edir ki, Zelenski prezident seçkilərinə getsin və bu vasitə ilə hakimiyyətdən uzaqlaşsın.
Tramp danışıqları Zelenski olmadan davam elətdirmək istəyir. Bu da ən azı ilin sonuna qədər çəkə bilər. Ancaq Tramp özünü sülhpərvər bir prezident kimi təqdim etmək istəyir və bunun üçün də əlində əlavə bir imkan var – Azərbaycan-Ermənistan sülh sazişi, demək olar ki, hazırdır. Tramp bu sazişin imzalanmasına nail olmaq üçün azca güc sərf eləsə, qısa müddətdə Ermənistanı müəyyən addımlar atmağa məcbur etmək olar. Bu səbəbdən hesab edirəm ki, yaxın vaxtlarda Trampın bölgəmizə diqqəti xeyli artacaq”. Ekspert qeyd etdi ki, Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulması mümkündür prinsip etibarilə mümkündür, ancaq bir az real görünmür: “Normal münasibətlərimizin olması təbiidir ki, mümkündür və bizim istəyimiz də bundan ibarətdir. Bakının Trampdan gözləntilərinin nə zaman doğrulacağını isə yəqin ki, yaxın aylarda bölgəmizə diqqətinin artmasının baş verməsindən söyləmək mümkün ola bilər. Hazırda isə Trampın əsas diqqəti Ukraynaya yönəlib. Orada müəyyən ilkin nəticələrə nail olmaq istəyir. Söhbət Ukraynanın təbii sərvətlərinin bir hissəsini ələ keçirməkdən, danışıqlar prosesini ölü nöqtədən tərpətməkdən gedir. Bunlara nail olduqdan və ola bilsin, atəşkəsə nail olduqdan sonra Azərbaycanın yerləşdiyi bölgəyə də diqqət arta bilər. Yüksək vəzifəyə təyin etdiyi ermənipərəst fiqurlar isə yəqin ki, Trampın Ermənistana önəm verməsini arzulaya bilərlər. Ancaq ABŞ-ın maraqları nə tələb edəcəksə o maraqlar öndə olacaq, şəxslərin maraqları deyil”.
Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə hesab edir ki, erməni lobbisi və yeni administrasiyadakı ermənipərəst şəxslər Trampa təsir etməyə çalışacaqlar: “Donald Tramp andiçmə mərasimindən keçən qısa müddətdə elə “sürət” götürüb ki, beynəlxalq aləm Ağ Ev sahibinin hər addımından yaxşı heç nə gözləmir. Tramp və onun komanda üzvləri Ukrayna ilə bağlı faktiki Kreml sahibinin söylədiklərini təkrarlayırlar, “Krımı və Şərqi Ukrayna ərazilərini geri qaytarmaq mümkün olmayacaq”, “Ukrayna NATO üzvü olmayacaq”, “Zelenskinin səlahiyyət müddəti bitib” və s. Baxmayaraq ki, Tramp prezidentliyinin birinci müddətində Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa zərər verəcək addım atmayıb, budəfəki prezidentliyinin bizim üçün neçə keçəcəyi sual altındadır. Bu arada, ABŞ-dakı erməni lobbisi Tramp və onun ətrafındakılara davamlı məktublar göndərir, Azərbaycanı cəzalandırmağı tələb edirlər. Əlbəttə, bu məktublara fikir verməmək də olar, ancaq Trampın ətrafındakı bir sıra fiqurun yaxın keçmişdə erməni lobbisi, Ermənistan və Qarabağ separatçıları ilə bağlılığı narahatlığımız üçün əsas verir. Prezidentin köməkçisi Hikmət Hacıyevin qısa müddətdə İsrailə ikinci səfərini Azərbaycan-ABŞ münasibətləri aspektindən də dəyərləndirmək olar. İsrail baş naziri Netahyahu Azərbaycanla ABŞ arasındakı dialoqun formalaşmasında körpü rolunu oynaya bilər. Əsas odur ki, Vaşinqton Cənubi Qafqaz siyasətini doğrular üzərində müəyyənləşdirsin”.
Politoloq dedi ki, Tramp Putinlə sövdələşməyə hazırlaşır: “Bu sövdələşmə Ukraynanın zərərinə olduğu kimi Cənubi Qafqaz üçün də təhlükələr yarada bilər. Ona görə həmin günü gözləmədən Azərbaycanla Ermənistan arasında məsələlərin qısa müddətdə həllinə ehtiyac var. Ermənistanın baş naziri Nikol Paşinyan təhlükəni hiss edərək erməni xalqına Konstitusiyanın dəyişdirilməsi vacibliyi barədə açıqlama verib. Paşinyan nəhayət ki, sülhün əldə olunmasında əsas maneəni ortadan qaldırmağa qərar verib. Real addımlar gözləyirik. Nə qədər ki, ABŞ və Rusiyanın başı Ukraynaya qarışıb, bu ikilinin Cənubi Qafqaza hər hansı formada müdaxiləsini gözləmədən Azərbaycanın tələbləri çərçivəsində sülh sazişinin imzalanması və Zəngəzur dəhlizinin açılması vacibdir”.