Bakı və Ankara Kremli Qarabağda belə bloklayırbackend

Bakı və Ankara Kremli Qarabağda belə bloklayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər Ermənistanla Azərbaycan arasında sülh prosesinin nizamlanması üzrə danışıqlar intensivləşib. Buna baxmayaraq, Qarabağın dağlıq hissəsindəki qanunsuz silahlı birləşmələrin də təxribatlarının sayı artıb. 

Belə olan halda Azərbaycan və Türkiyə tandemi hansı sərt addımları atacaq? Separatçıları himayə edən rusiyalı sülhməramlıların qeyri-konstruktiv addımları ilə bağlı beynəlxalq müstəvidə ölçü götürüləcəkmi?

NOCOMMENT.az xəbər verir ki, məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli Publika.az-a müsahibəsində söyləyib ki, Bakı və Ankara regionda əsas söz sahibidir və məsələnin həllində kifayət qədər prinsipial mövqeyə malikdir.

– Qabil müəllim, separatçıların Qarabağdakı təxribatları fonunda İrəvanın sülh prosesində sərgilədiyi mövqe necə olacaq? 

– Son dövrlər Ermənistanın baş naziri Nikol Paşinyan kifayət qədər konstruktiv danışır. Üstəlik, əvvəlki çıxışlarından fərqli olaraq Qarabağın dağlıq hissəsindəki ermənilərlə bağlı iddialarından əl çəkir. Onu da bildirir ki, bu ərazilər Azərbaycan Konstitusiyasına uyğun şəkildə tənzimlənməlidir. Eyni zamanda ermənilərin Azərbaycan vətəndaşlığına qəbul edilməsindən də söz açır. Amma Paşinyandan fərqli olaraq Qarabağdakı separatçıların “lideri” Araik Arutyunyan aləmi qatıb-qarışdırır.  Sözsüz ki, Ermənistandakı revanşist qüvvələr də Nikol Vovayeviçi satqınlıqda və digər məsələlərdə təqsirləndirir. Ermənistan baş nazirinin bir məntiqi var; o deyir ki, mən hakimiyyətə gələndən bütün dünya ölkələri, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Üstəlik, bildirirlər ki, “Dağlıq Qarabağ” Azərbaycanın tərkib hissəsidir. Doğrudan da bu belədir. Avropa Birliyi, ATƏT, NATO Parlament Assambleyası, AŞPA-nın Parlament Assambleyası da bu fikirdədir. Paşinyan da bu fikri cəmiyyətə çatdırır. Yəni bütün dünya Azərbaycanın SSRİ-dən qalma ərazi bütövlüyünü tanıyır.

– Sizcə, Qarabağdakı sülhməramlıların proseslərə qeyri-konstruktiv münasibət sərgiləməsi nə ilə nəticələnə bilər? 

– Azərbaycan Ordusu bir müddət əvvəl öz dislokasiya yerlərini dəyişib. Ağdərədə bəzi yüksəklikləri və düzənlik əraziləri öz nəzarəti altına götürüb. Buna baxmayaraq, son dövrlərdə Qarabağın dağlıq hissəsində müvəqqəti yerləşdirilmiş rusiyalı sülhməramlılar öz qabıqlarına sığmırlar. Moskva buna etirazını bildirdi. Azərbaycan qoşunlarının geri çəkilməsini istədi. Geriçəkilmə prosesi razılaşdırılsa da, hələ ki, bu baş verməyib. Bununla yanaşı, Azərbaycan Türkiyə ilə ciddi məsləhətləşmələr aparır. Bakı sülhyaratma prosesində Brüsseldə əldə edilmiş razılaşmalara uyğun olaraq hərəkət edir. Sülh sazişi üzrə işçi qrupunun yaradılmasına girişmək istəyirlər. Söhbət cənab İlham Əliyevlə Nikol Paşinyandan gedir. Sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı işçi qrupunun yaradılması məsələsinə lap bu günlərdə başlamaq istəyirlər. Kommunikasiyaların açılması məsələsində prinsipial razılaşmalar əldə edilib. Zəngəzur dəhlizindən keçməklə Naxçıvana və oradan da Türkiyəyə qədər marşrutun uzadılması ilə bağlı nüanslar razılaşdırılıb. Yəni bölgədə ciddi konstruktiv proseslərin bünövrəsi qoyulub. Azərbaycan bu konstruktiv dəyişikliklərin lokomativi kimi iştirak edir.

– Bu gedişlə baş nazir Paşinyan Qarabağdakı separatçıları və onların liderini neytrallaşdıra biləcəkmi?

– İnsaf xatirinə deməliyəm ki, ürəyində hiyləgərliklər olsa da, Nikol Paşinyan da artıq danışanda konstruktiv danışır. Hətta Qarabağın dağlıq hissəsi ilə bağlı Paşinyanla Araik Arutyunyan arasında ciddi fikir ayrılıqları, eləcə də qarşıdurmaların olması ilə bağlı məlumatlar gəlir. İndi Ukraynada işləri yolunda getməyən, post-sovet məkanındakı respublikaları kobud formada təhdid edən Rusiya son anda Qarabağ faktorundan istifadə edərək Azərbaycana qarşı təhdidlər göstərməyə cəhdlər edir. Məsələn, “Dağlıq Qarabağ Rusiya ərazisidir” kimi sərsəm bir ifadəni ortaya atmaqla bu ölkə beynəlxalq hüquq normalarından xəbərsiz olduğunu və yaxud onu saya salmadığını göstərir. Beynəlxalq münasibətlərdəki formalaşmış düzəni vurub dağıtmaq üçün əlindən gələni etməyə hazır olduğunu sərgiləyir.

– Bəs baş verən hadisələr fonunda Türkiyə hansı mövqeyi sərgiləyəcək? 

– Türkiyə bu məsələdə öz prinsipial mövqeyini bildirdi. Cənab Ərdoğan bildirdi ki, Türkiyə nə Qarabağdakı rusiyalı sülhməramlıların özbaşınalığına, nə də orada yaşayan separatçı ermənilərin özbaşınalığına dözəcək. Üstəlik, qardaş ölkənin prezidenti əlavə etdi ki, Türkiyə Azərbaycandadır. Türkiyə Azərbaycan Ordusu ilə çiyin-çiyinə dayanıb. Zənnimcə, bu, Rusiya üçün ciddi xəbərdarlıq olmalıdır. Onsuz da biz bu prosesdə müəyyən çətinliklərin olacağını güman edirdik. Bilirdik ki, bu çətinliklər ilk növbədə Rusiyadan gələcək. Rusiyanın müəyyən dairələrindən bu təhdidləri gözləyirdik. Əgər Kreml məsələləri bu cür asan formada “tənzimləməyi” düşünürsə, xam xəyallara qapılır. Zəifləmiş, Ukrayna tərəfindən ciddi məğlubiyyətə düçar edilmiş Rusiyanın bundan sonra at oynatmaq, meydan sulamaq vaxtının keçdiyini birmənalı şəkildə söyləmək mümkündür. Üstəlik, meydanda Türkiyə və Azərbaycan orduları varsa, eləcə də bu ərazilərdə istənilən hərbi əməliyyatlar aparmağın bütün gizlinlərini bilirlərsə, deməli, Rusiyanın işi asan olmayacaq. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan da iclasların birində söylədi ki, 80 milyonluq əhaliyə, böyük dövlətçilik ənənələrinə malik Türkiyə olan yerdə biz heç kimik. Yəni sağlam düşünən və bölgədəki münasibətlərin qaydaya düşməsini istəyən ermənilər də, Azərbaycan da istəyir ki, bölgə əmin-amanlığa qovuşsun. Sülh şərtləri hər yerdə bərqərar olsun. Amma indi də, elə işğal dövründə də həmişə aranı pozan Rusiyanın işğalçı qüvvələri idi. İşğal prosesi həyata keçiriləndə də ermənilərə himayədarlıq ediblər. Xocalı soyqırımı da onların əli ilə baş verib. Görünür, Rusiyanın bölgədəki hərəkətləri ilə bağlı daha ciddi məlumatları toplayaraq bu dövlətin bölgədəki addımları ilə əlaqədar ilk növbədə BMT-yə və ya hər hansı bir quruma şikayət etməli olacağıq.

– Əgər proses bizim xeyrimizə inkişaf etməsə, Azərbaycan güllə atmadan Qarabağda irəliləyə bilərmi?

– Hazırda meydanda bütün şərtlər var. Rusiya sülhməramlılarının üçdə iki hissəsi bu ərazilərdə yoxdur. Ermənistanın siyasi rəhbərliyi bu proseslərdə demək olar ki, konstruktiv mövqe nümayiş etdirir. Azərbaycan isə qanlı-qadalı müharibə aparmadan Ağdərənin böyük bir hissəsini çox asanlıqla, güllə atmadan öz nəzarəti altına ala bilər. Əgər sülhməramlılar Azərbaycan Ordusuna qarşı hər hansı təxribatçı addımlar atsa, ordumuz onların payını verəcək. Üstəlik, razılaşmalar var, Türkiyənin elit dağ komando birlikləri hər an buraya gələ bilərlər. Onsuz da Ukrayna prosesində Rusiya Türkiyəni kifayət qədər qəzəbləndirib. Danışıqlar prosesində Kremlin Ankaraya qeyri-səmimi yanaşması, demək olar ki, Türkiyəni anti-Rusiya mövqeyinə gətirib. Onsuz da Türkiyə Cənubi Qafqazdadır. Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq üzrədir. Düşünürəm ki, Türkiyə həlledici addım ataraq bölgədəki müəyyən prosesləri axıra çatdırdıqdan sonra Rusiyanın bu bölgədən ayağını kəsə bilər. Bunu Amerika da, bütün Qərb ölkələri də istəyir. Məncə, Rusiyanın bu dar vaxtında onları yerinə yetirmək tamamilə yerinə düşər və uğur gətirə bilər.