Bakı şəhərində yerləşən 189–190 nömrəli orta məktəbin və eyni zamanda Tofiq Quliyev adına 12 saylı musiqi məktəbinin 2-ci sinif şagirdi Rauf Ələsgərzadə maraqlı musiqi ifası ilə diqqət çəkib.
NOCOMMENT.az xəbər verir ki, musiqi gecəsi Kamera və orqan musiqi zalında baş tutub. Balaca ifaçı Respublikanın Əməkdar artisti, tanınmış muğam ifaçısı İlham Nəzərovun rəhbərliyi ilə səhnəyə çıxaraq dinləyicilərə xüsusi emosional anlar yaşadıb.
Tədbir zamanı Rauf Ələsgərzadənin ifası tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb. Onun yaşına baxmayaraq nümayiş etdirdiyi musiqi duyumu və səhnə mədəniyyəti iştirakçıların xüsusi rəğbətini qazanıb.
Qeyd edək ki, İlham Nəzərovun rəhbərliyi ilə keçirilən bu kimi ustad dərsləri və çıxışlar gənc istedadların inkişafında mühüm rol oynayır və onların səhnə təcrübəsinin formalaşmasına şərait yaradır./Musavat.com/










