Bakıda silsilə oğurluqlar etməkdə təqsirləndirilən Aysel Zeynalova və Vüsal Zeynalovun cinayət işi üzrə məhkəmə araşdırmasına start verilib.
NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə onların barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasına və cinayət işinin məhkəmə baxışına verilməsi qərarına gəlib.
İttihama əsasən, Aysel və Vüsal Zeynalovlar Bakının müxtəlif ərazilərində yerləşən evlərdən və hotellərdən oğurluqlar törədiblər.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hər iki şəxs saxlanılıb.
Araşdırmalar zamanı müəyyən olunub ki, onlar paytaxt sakinlərinə məxsus ümumilikdə 276 min manat dəyərində qızıl-zinət əşyaları, 1 000 manat pul və iki ədəd mobil telefonu oğurlayıblar.
Məlum olub ki, Aysel Zeynalova oğurluq hadisələrindən sonra müşahidə kameralarından yayınmaq üçün xüsusi geyimlərdən istifadə edib.