Bakıda bu, 20 dəfə bahadır: NK niyə düşünmür?backend

Bakıda bu, 20 dəfə bahadır: NK niyə düşünmür?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda, mayın son günlərində, məsələn, göyçənin kilosunun bəzi yerlərdə 15 manata satılmasının səbəbi nədir? Niyə hətta bazarlarda belə giləmeyvələrin qiyməti nübar vaxtındakı kimi od tutub yanmalıdır?

Rayonlara səfər edən media fəallarının təqdim etdiyi faktlardan bəlli olur ki, regionlarımızda bu məhsulu yetişdirənlər “qapı ağzında” heç 50 qəpiyə belə sata bilmirlər – ancaq Bakıda ən azı 10, bəzən 30 dəfə bahasına satılır, insanlar da bu qiymətə almağa məcbur olur.

Bir neçə gün öncə azərbaycanlıların qidaya xərclədiyi pulun miqdarı açıqlandı. Rəsmi statistikaya görə, Azərbaycanda əhali qazancının ən azı 51 faizini yeməyə xərcləyir – hələ bura bazarlarda statistikası aparılmayan alver daxil deyil; o da əlavə olunsa, daha yüksək faiz ortaya çıxar.

İnkişaf etmiş ölkələrdə isə bu rəqəm 25% civarındadır. Demək, bir tərəfdən maaşlar məsələsi aktuallaşırsa, digər tərəfdən “ bahalı qida” gündəmə gəlməli və buna qarşı addımlar atılmalıdır.

Hökumət hansı addımlar ata bilər?

Bu barədə ekspertlərin yanaşması fərqlidir – biri deyir, hökumət bazara müdaxilə edib, qiyməti tənzimləyə bilməz, “bazar iqtisadiyyatıdır”; biri deyir, günah insanların özündədir – bahadırsa, almasınlar, satanlar da məcbur olub, qiyməti endirsinlər. Hətta alçanı, gilası borclu çıxaranlar da var ki, niyə vaxtından əvvəl yetişib, başqalarını qabaqlayıb, bahalıq yaradırlar!

Hökumətin qiyməti nizamlamaq üçün sərt tədbirlərə əl atmasını, əlbəttə ki, heç kəs istəmir. Ancaq qiymətə fərqli alətlərlə müdaxilə imkanlarını hökumət əlində saxlamalıdır. Məsələn, mövsümi olaraq Bakının hər rayonunda bir neçə “azad bazar” yaradıla bilər – piştaxtalar düzüb, günlüklər qoyub, elan edə bilərlər ki, kəndlilər öz məhsullarını burda həftənin filan günləri sata bilərlər, yer haqqı və digər heç bir xərclər olmayacaq.

Bundan ötrü xüsusi aksiya, populist yarmarkalar da keçirməyə ehtiyac yoxdur – sadəcə, həmin yerlər mövsüm ərzində daim fəaliyyətdə olur və ora alverçilərin daxil olmasına imkan verilmir, vəssalam!

İki nəzarətçi də bəs edir – rayonda 50 qəpiyə sata bilmirsə, yol və digər xərclərlə birlikdə 4-5 dəfə bahasına satmaq məhsul yetişdirənə gen-bol bəs edəcək. Nəzarətçi isə məhsulunu nəzərdə tutulandan baha satmağa çalışan “acgöz” kəndçiyə zor tətbiq etməyəcək – sadəcə, fürsətcilliyə görə məhz həmin şəxsdən yer pulu tələb edəcək, bu qədər sadə!

Nə vaxta qədər hökumət parlamentarilərlə birləşib, ucuzu bahalaşdırmaq haqqında min qanun düşünməlidir? Niyə Bakıda dünyaya səs salan, turistlərin xüsusi marağına səbəb olan – baxın sosial şəbəkələrdəki əcnəbilərin yaydığı videolara, anlayın – ucuz taksini bahalaşdırmaq üçün qanun, tələb, qaydalar tətbiq edilməli və taksi xidmətlərini bahalaşmaya məcbur etməlidirlər, ancaq ucuzlaşma məsələsi olanda “bazara müdaxilə edə bilmərik” arqumenti gətirməlidirlər?

Nə vaxta qədər NK-nın bizim qayğımıza qalan qərarlarına həsrət qalacağıq?

Yeri gəlmişkən, 25 və 26 may tarixi şənbə-bazar, 28 may bayram – Müstəqillik Günüdür. 25 may şənbə ilə 27 may bazar ertəsinin yerini dəyişib, 3 günlük ardıcıl qeyri-iş günü təmin etmək bu qədərmi çətindir? Axı iki günlük qeyri-iş günündən sonra bir gün iş və sonra yenidən qeyri-iş günü sxemi alimlərin qənaətinə görə, insan orqanizminə mənfi təsir göstərir. NK qeyri-iş günlərinin ardıcıllığını təmin etmək səlahiyyətinə malikdir. Niyə insan səhhəti, inşan qidalanması, rahatlığı… məsələsi gələndə daşdan səs çıxır, NK-dan yox? /axar.az