Bakıda fəaliyyət göstərən “Phobia Games” adlı əyləncə mərkəzində baş verdiyi iddia olunan hadisə geniş müzakirələrə səbəb olub. Valideynin şikayətinə əsasən, 15 yaşlı yeniyetmə Nigar Mustafayeva qorxu evində təhlükəsizlik qaydalarının pozulması nəticəsində xəsarət alıb. Giriş zamanı azyaşlılardan şəxsiyyət vəsiqəsinin tələb olunmadığı, yaşlarının yoxlanılmadığı, həmçinin onların heç bir nəzarət olmadan sənəd imzalamağa məcbur edildiyi bildirilir. Valideynin sözlərinə görə, ödəniş etdikdən sonra uşaqlar oyun otaqlarına buraxılıb, lakin proses zamanı onların təhlükəsizliyinə riayət olunmayıb.
İddialara görə, beşinci məntiq otağında yeniyetmələrin narazılıqlarına baxmayaraq oyun dayandırılmayıb, hətta mədəsindən yeni əməliyyat olunan uşağın işçilər tərəfindən zorakı şəkildə divara çırpıldığı deyilir. Uşaqlar etiraz etsələr də, onların növbəti otağa keçməsi məcburi olub. Şikayətdə qeyd edilir ki, hadisənin baş verdiyi otaqda divarda quraşdırılmış qutunun qapağı açıq vəziyyətdə qalıb və bu, işçilər tərəfindən bağlanmayıb. Valideynin sözlərinə görə, mövcud video görüntülərdə də bu hal aydın şəkildə görünür. Elə həmin anda işçilərdən birinin uşaqları itələməsi nəticəsində 15 yaşlı Nigar açıq qalmış, iti kənarları olan qutunun qapağına dəyərək yıxılıb və xəsarət alıb.
Məsələ ilə bağlı hüquqşünas Elvin Səlimov NOCOMMENT.az-a açıqlamasında bildirib ki, azyaşlıların təhlükəsizliyinin təmin edilməməsi, yaşa dair məlumatın yoxlanılmaması və valideyn icazəsi olmadan sənəd imzaladılması qanunvericilik baxımından ciddi pozuntudur.
Onun sözlərinə görə, bu halda həm mülki, həm də inzibati məsuliyyət yarana bilər:
“Azyaşlı və yeniyetmələrin iştirak etdiyi hər hansı ekstremal və psixoloji təsirli atraksionlarda müəssisə həm yaş yoxlamasını aparmalı, həm də valideyn və ya qanuni nümayəndənin yazılı razılığını almalıdır. Əks halda bu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun, həmçinin təhlükəsizlik qaydalarına dair normativ aktların pozulmasıdır.
Əgər uşağa xəsarət yetirilibsə, bu artıq hüquqi məsuliyyət məsələsidir — müəssisə zərərin ödənilməsi üçün mülki qaydada məhkəməyə verilə bilər”.
Hüquqşünas əlavə edib ki, bu hallar Cinayət Məcəlləsinin “ehtiyatsızlıqdan sağlamlığa zərər vurma” maddəsi ilə qiymətləndirilə bilər:
“Hadisənin təfərrüatlarından asılı olaraq hüquq-mühafizə orqanlarına müraciət edilməli, müəssisənin təhlükəsizlik standartlarına əməl edib-etməməsi yoxlanılmalıdır. Video və digər sübutlar təqdim olunarsa, istintaq orqanları hüquqi qiymət verməlidirlər”.
Elvin Səlimovun sözlərinə görə, valideyn həm polisə, həm də Fövqəladə Hallar Nazirliyinin atraksionlara və əyləncə obyektlərinə nəzarət edən qurumlara şikayət edə bilər:
“Bu cür obyektlərdə təhlükəsizlik qüsuru varsa, fəaliyyətin dayandırılması və ya cərimə tətbiqi mümkündür. Əgər şəxs zərər çəkibsə, tibbi sənədlərlə birlikdə məhkəməyə və sığorta qurumlarına müraciət edilə bilər.”
Hüquqşünas valideynlərə tövsiyə edir ki, belə əyləncə mərkəzlərində uşaqların təhlükəsizliyinə dair qaydaların olub-olmadığını əvvəlcədən yoxlasınlar, müəssisənin məsuliyyət sənədlərini diqqətlə oxusunlar və azyaşlıların hər hansı riskli oyuna tək buraxılmamasına xüsusi diqqət yetirsinlər.












