Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Elşən Müzəffərov, həyat yoldaşı Gülnar Müzəffərova və qaynı Qasım Xankişiyevin cinayət işi üzrə məhkəmənin növbəti baxışı keçirilib.
NOCOMMENT.az BAKU TV-yə istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslər ifadə veriblər.
Proses zamanı Qasım Xankişiyev bildirib ki, mərhum Səxavət İsmayılov bacısına qarşı nalayiq hərəkətlər edib.
Onun sözlərinə görə, hadisə bu səbəbdən baş verib. Lakin zərərçəkmişin hüquqi varisi bu iddianı yalan və iftira kimi qiymətləndirib.
Mübahisə zamanı tərəflər arasında gərginlik yaranıb və hakim iştirakçılara məhkəmə qaydalarına əməl etmədiklərinə görə ciddi xəbərdarlıq edib.
Qasım Xankişiyevin sözlərinə görə, hadisə barədə məlumatı ilk dəfə kürəkəni Elşən Müzəffərovdan alıb. Elşən ona həyat yoldaşı Gülnar Müzəffərovanın səs yazısını göndərib və baş verənlərdən xəbərdar olmasını istəyib. Səs yazısında Gülnar Müzəffərova bildirib ki, qonşusu Səxavət İsmayılov ərinin Rusiyada olmasından istifadə edərək hasardan aşıb evə daxil olub və ona dəfələrlə təcavüz edib.
Qasım Xankişiyev baş verənlərlə bağlı bacısından dəqiqləşdirmə aparıb, o da səs yazısındakı məlumatları təsdiqləyib. Bundan sonra Qasım kürəkəninə deyib ki, Səxavət İsmayılovu cəzalandırmağı ona həvalə etsin.
İstintaq materiallarında qeyd olunur ki, Qasım Xankişiyev və Elşən Müzəffərov öncədən plan quraraq Səxavət İsmayılovu həyətə girərkən qarşısını kəsiblər, onu boğaraq öldürüblər və meyiti həyətlərində qazdıqları quyuda basdırıblar.
Qasım Xankişiyev məhkəmədə ifadəsini dəyişərək bildirib ki, istintaqda verdiyi ifadə təzyiq altında alınıb: “Hadisə yerinə gələndə Səxavət artıq ölmüşdü. Mən sadəcə meyiti basdırmağa kömək etmişəm. Elşənə demişəm ki, gedib polisə təslim ol. Bacıma da dedim, bir nəfər öldü, biri həbsə gedir, sən də get, özünü as, öldür, yaşama artıq”.
Məhkəmənin növbəti iclası noyabrın 14-nə təyin edilib.