Bakıda qısqanclıq zəminində həmyerlisini öldürməkdə təqsirləndirilən Çin vətəndaşı Yuan Tiangangın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
NOCOMMENT.az Pravda.az-a istinadən xəbər verir ki, Ali Məhkəmənin hakimi Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası avqustun 16-na təyin edilib.
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətə azadlıqdan məhrum edilib. Cəzasını çəkdikdən sonra Azərbaycan ərazisini məcburi tərk etməsi ilə bağlı qərar qəbul edilib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.
İttiham aktına əsasən, Bakıya işləmək üçün gələn hər iki Çin vətəndaşı Nizami rayonu Keşlə qəsəbəsi ərazisində yataqxanada yaşayıblar. Yuan Tiangangın həyat yoldaşı da onlarla bir evdə qalıb. Cari ilin İyulun 14-də Yuan Tiangang onunla eyni evdə yaşayan tanışı Lianginin onun arvadı ilə yaxınlıq etmək istədiyini öyrənib. O, qısqanclıq zəmnində Lianginin baş nahiyəsinə dəmir parçası ilə zərbələr endirib. O, hadisədən sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Ona qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.