Bir yandan kanalizasiya suları, digər yandan yağış… Bura paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsidir.
NOCOMMENT.az xəbər verir ki, “Xəzər Xəbər”ə müraciət edən sakinlər deyir ki, küçəni ilin bütün fəsillərində bu vəziyyətdə görmək mümkündür. Lakin problem ondadır ki, kanalizasiya sistemlərinin tutulması yağış suları ilə əlaqədar deyil. Onlar iddia edir ki, yolun kənarında yerləşən “SOCAR”ın Geofizika və Geologiya idarəsindən axıdılan sular səbəbindən küçələri bu haldadır.
Yoldan istifadə edən sürücülər də təngə gəldiklərini bildiriblər. Onların sözlərinə görə küçənin girişində asvaltlanma işlərinə başlanılıb. Lakin bu hissədəki su heç vaxt qurumadığından işlər yarımçıq qalıb. Bu səbəbdən də nəqliyyat vasitələrinə xeyli ziyan dəyir.
Sakinlər bildirib ki, üzləşdikləri çətinliklə bağlı nə sözügedən idarə ilə əlaqə saxlaya bilirlər, nə də məsul qurumlardan kömək ala.
Mövcud vəziyyətlə bağlı biz də “SOCAR”a sorğu ünvanladıq. Lakin, mövqe bildirilmədi. İri Şəhərlərin Birləşmiş Su Təchizatı xidmətindən isə qeyd olundu ki, həmin ünvanda tullantı su xəttinin dəfələrlə artıq yüklənməsi mövcud problemə səbəb olur. Məsələ Bakı Sukanal İdarəsinin diqqətindədir, həlli istiqmətində müvafiq işlər görüləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.