Bakının Suraxanı rayonunda kafedə dava olub.
NOCOMMENT.az xəbər verir ki, hadisə ötən ilin mayın 10-da Hövsan qəsəbəsində yerləşən Hövsan parkında olan kafedə baş verib.
Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Mehrac həmin gün saat 18 radələrində kafedə müştəri qismində çay içib, istirahət edərkən kafedə kassir işləyən Məmmədə yaxınlaşaraq internetin “Wi-fi” şifrəsini yazıb, ona verməsini xahiş edib.
Amma Məmməd onun xahişini rədd etməsi səbəbindən kafenin arxa tərəfinə keçiblər. Kənar şəxslərin olmadığı yerdə aralarındakı anlaşılmazlığa aydınlıq gətirmək istəyərkən həmin kafedə qəlyançı işləyən Seymur onların mübahisəsinə müdaxilə edib.
Seymur iş yoldaşı Məmmədi müdafiə edib, Mehracı isə tənbeh etməsi səbəbindən aralarında əlbəyaxa dava olub. Bu zaman Mehrac üzərində olan bıçaqla Seymuru vurub.
Mehracın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Mehrac ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, mayın 10-da, saat 18 radələrində Hövsan parkının içərisində yerləşən “Tumurcuq” adlanan kafeyə çay içməyə gedib:
“Kafenin bayır hissəsində olan stullardan birində əyləşərək çay sifariş etdim. Həmin vaxt mobil telefonum vasitəsi ilə internetə daxil olmaq istədim. Lakin telefonumda internet olmadığı üçün kafenin bayır hissəsində olan kassaya yaxınlaşdım, orada olan adının sonradan Məmməd olduğunu bildiyim şəxsdən “Wi-fi” parolunu istəmişəm. Məmməd adlı şəxs yaxınlaşmağımdan bir qədər acıqlandı və mənə kənarlaşmağımı bildirdi. Mən isə Məmmədi narahat etmək istəmədiyimi və “Wi-fi” kodunu öyrənmək istədiyimi dedim. Bu vaxt aramızda sözlə mübahisə yarandı. Biz kafenin arxasına heç kimin olmadığı yerə keçdik. Məmmədlə bir qədər danışdım və aramızda olan mübahisəyə son qoyduq. Məmməddən uzaqlaşdım və əyləşdiyim masaya yaxınlaşmaq istəyərkən həmin kafedə qəlyançı işləyən Seymur adlı şəxs kafenin arxasına gəldi. Məmmədlə barışaraq ayrılmaq istəsəm də, Seymur heç bir səbəb olmadığı halda söhbətimizə müdaxilə edərək mənimlə mübahisə etməyə başladı. Mübahisə zamanı Seymur məni yumruq və təpiklə vurmağa başladı. Özümü müdafiə etmək istəsəm də, Seymur fiziki cəhətdən üstün olduğu üçün gücümün yetmədiyini gördüm”.
Təqsirləndirilən şəxs deyib ki, Seymur onu davamlı olaraq yumruq və təpiklə vurduğundan üzərində olan işlədiyi şərab evində istifadə etmək üçün daim cibində daşıdığı açılıb-bağlanan balaca cib bıçağını çıxarıb və sağa-sola hərəkət etdirərək özünü Seymurdan müdafiə etməyə çalışıb: “Seymur həmin vaxt mənə təpik atırdı. Mən bıçağı sağa-sola hərəkət etdirdikdə bıçaq Seymurun hər iki ayağına dəydi. Seymurun yerə yıxıldığını gördükdə oradan kənarlaşdım və həmin kafeni tərk etdim”.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkmiş ona qarşı şikayətini geri götürüb.
Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəllənin 73.2-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinə Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən xitam verilib.\\demokrat.az










