Bakıda məktəbdə bomba həyəcanı yaşadan şəxslə bağlı qərarbackend

Bakıda məktəbdə bomba həyəcanı yaşadan şəxslə bağlı qərar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda orta məktəbə bomba qoyulması barədə yalan məlumat verməkdə təqsirləndirilən Pərviz Məmmədovun işi üzrə məhkəmə prosesi olub.

NOCOMMENT.az xəbər verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

Onun sözlərinə görə, Mərdəkandakı avtobus dayanacağında iki gəncin bir-biri ilə söhbəti zamanı məktəbin damına bomba qoyulması haqda dediklərini eşidib:

“Eşitdiklərimi də xəbər vermək qərarına gəldim və yaxınlıqdakı taksofondan polisə zəng vurdum”.

Prokurorun həmin məlumatın doğruluğuna əmin olmadan niyə belə bir addım atması haqda sualına cavab verən təqsirləndirilən şəxs bildirib ki, əvvəllər məhkumluq həyatı yaşayıb:

“Belə yaşamaqdan bezmişdim. Əvvəl həbsdə olmuşdum, çıxandan sonra iş tapa bilmirdim. Məşğuliyyət tapa bilmirdim. Bir baxanım, arxa duranım da yox idi. Fikrimdən keçirdi ki, qayıdım yenə türməyə…”

Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Pərviz Məmmədov 7 il azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Pərviz Məmmədov DİN-in “102” Xidmətinə zəng edib deyib ki, 181 saylı orta məktəbin damına bomba qoyulub. Hadisə yerinə gələn polis əməkdaşları məktəbin damında bomba olmadığını görəndən sonra zəngin haradan gəldiyini və zəng edən şəxsin kimliyini müəyyənləşdiriblər.