Bakı kəndlərində müğənni və aparıcı kimi tanınan Rəsmiyyə Bakılı vəfat edib.
NOCOMMENT.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Onun ölümündən əvvəl Məmmədli qəsəbəsindəki modul tipli xəstəxanaya müraciət etdiyi, elə orada yeni yayılan virusdan öldüyü iddia olunur.
Bu barədə məlumat almaq üçün TƏBİB-ə müraciət ünvanlanıb. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, həmin şəxsin ölümünün ilkin səbəbi ağciyər arteriyasının tromboemboliyasıdır: “Yanvarın 11-i saat 03 radələrində 1965-cı il təvəllüdlü şəxs (qadın cinsli) Sabunçu Tibb Mərkəzinin tabeliyindəki Məmmədli Modul tipli Xəstəxananın Reanimasiya şöbəsinə kritik ağır vəziyyətdə hospitalizasiya olunub. İkitərəfli viral pnevmoniya, ürəyin işemik xəstəliyi, şəkərli diabet və çoxsaylı ağırlaşmalarla sözügedən şəxsə zəruri tibbi yardımlar göstərilib.
Göstərilən reanimasyon tədbirlərə baxmayaraq, 11 yanvar saat 05:00 radələrində şəxsin bioloji ölümü qeydə alınıb. Ölümünün ilkin səbəb kimi ağciyər arteriyasının tromboemboliyası qeyd olunur”.
Qeyd edək ki, Rəsmiyyə Bakılı Bakıətrafı kənd və qəsəbələrdə xınayaxdı və qadın məclislərini idarə etməsi ilə tanınıb.