Bakıda taksi sürücüləri ilə sərnişinlərin bir manatlıq kondisioner davası: Kim haqlıdır? – ARAŞDIRMAbackend

Bakıda taksi sürücüləri ilə sərnişinlərin bir manatlıq kondisioner davası: Kim haqlıdır? – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yay gələn kimi ictimai nəqliyyatda kondisioner problemi də başlayır. Bakının yollarında zaman-zaman yaranan tıxacları nəzərə alsaq, insanları başa düşmək çətin deyil.

NOCOMMENT.az xəbər verir ki, bu günlərdə sosial şəbəkələrdə paylaşılan bir video müzakirələrə səbəb olub.

Belə ki, paytaxtda taksi xidmətindən istifadə edən vətəndaşlardan biri anormal halla qarşılaşıb. Taksi sifariş verən şəxs sürücüdən kondisioneri yandırmasını xahiş edir. Sürücü isə bunun üçün gediş haqqından əlavə bir manat pul tələb edir. Hətta bunu elan kimi yazaraq avtomobilə yerləşdirib.

Bu məsələdə nə taksi sürücülərini qınamaq olur, nə də sərnişinləri. Belə ki, taksi sürücüləri deyirlər ki, A məntəqəsindən B məntəqəsinə qədər hesablanan gediş haqqı çox azdır:

“Müştəriləri itirməsinlər deyə taksi şirkətləri aşağı qiymət təklif edirlər. Sərnişin isə avtomobilə əyləşəndə qışda soba, yayda isə kondisionerin yandırılmasını istəyir. Bu isə əlavə yanacaq sərfiyyatıdır. Biz müştəriyə izah edə bilmirik ki, onun verdiyi gediş haqqı heç avtomobilin yanacaq xərci etmir. Avtomobilin benzindən əlavə, yağı var, müxtəlif diaqnostikaları var. O cür işləmək bizə də sərf etmir axı. Biz də ailəmizi dolandırmaq üçün yollara çıxmışıq”.

Bir neçə taksi sürücüsü ilə həmsöhbət olduq və aşağı-yuxarı eyni cavabı aldıq.

Sərnişinlər isə düşünürlər ki, bu xidmətlər gediş haqqına daxildir.

Oxu.az-ın əməkdaşı bir neçə taksi şirkəti ilə əlaqə saxlayıb məsələyə aydınlıq gətirməyə çalışıb. Eyni məsafə üçün gediş haqlarının hesablanmasını istədik. Əlaqə saxladığımız şirkətlərdən ikisi sifariş zamanı sərnişinin kondisioner istifadəsinə dair istəyini bildirməli olduğunu deyib. Çünki bu xidmət üçün şirkətlərdən biri əlavə 0,70 AZN, digəri isə 1 AZN əlavə ödəniş tələb edir.

Əlaqə saxladığımız bir neçə şirkətdə sözügedən məsafə üçün gediş haqqı digərlərindən yüksək oldu. Onlar isə kondisioner üçün əlavə ödənişin tələb edilmədiyini bildirdilər.

Bəs sürücü və sərnişin arasında bu problemin həlli üçün hansı alternativlər təklif edilməlidir? Taksi şirkətlərinin tətbiqlərində sərnişinlər üçün xüsusi seçim bölməsi əlavə olunmalıdır, yoxsa yox?

Məsələnin həlli istiqamətində alternativlərin işlənməsinə ehtiyac olduğunu deyən ekspert Fuad Daşdəmirov deyir ki, bu problemin həlli üçün mərkəzləşdirilmiş qaydada vahid tətbiq hazırlanmalıdır:

“Bu məsələyə dövlət nəzarəti mütləq lazımdır. Çünki bu gün taksi sürücülərinin sağlamlığının yoxlanılması ürəkaçan vəziyyətdə deyil. Eyni zamanda fərdi şəkildə sifariş qəbul edən müəssisələr, vergidən yayınan müəssisələr var ki, bütün bunlar nəzarət sistemindəki boşluqlardan qaynaqlanır. Taksi şirkətlərinin fərdi qaydada öz tətbiqlərinə bu seçim bölməsini əlavə etməsini istəmək doğru olmayacaq. Çünki hər kəs öz qaydalarına uyğun qiymət seçimi edəcək”.

Ekspert onu da əlavə edib ki, sürücülərin də narazı olduqları məqamlar var ki, bəzi taksi şirkətlərində sürücülər sifarişi qəbul edən zaman hansı ünvana gedəcəklərini görmürlər:

“Bu, açıq bazardır və bu gün bir çox insanlar bu taksilərdən istifadə edirlər. Lakin sürücülər narazıdırlar. Heç bir şirkətə bu cür məqamlarda qadağa qoymaq olmaz. Amma maliyyə monitorinqləri keçirmək mümkündür. Araşdırmaq lazımdır ki, həmin şirkətlər sərnişinə bir manata necə taksi xidməti göstərirlər? Bu nəqliyyat vasitəsinin baxımı da şirkətlərə daxildirsə, bu cür qiymətlərlə şirkət özünü necə ayaqda saxlayır? Bu kimi yoxlamalar aparıla bilər, bunu da yalnız aidiyyəti qurumlar tərəfindən həyata keçirmək lazımdır”.

Ekspert bunu ictimai nəqliyyatın keyfiyyətli olmaması ilə də əlaqələndirib:

“Yollardakı tıxaclar, nəqliyyat vasitələri və s. – bu, kompleks məsələdir. Bakıda üç-dörd ədəd sürətli tramvay xətti yaradılsa, məncə, taksilərin mövcudluğu sual altında olacaq. Ümumiyyətlə, həmin taksilər həmin qiymətə xidmət təklif edərmi? Baxın, bu ayrıca bir araşdırma mövzusudur. Sadəcə, aidiyyəti üzrə məsələyə baxılmasına ehtiyac var”. oxu.az