Son zamanlar sosial media paylaşımlarında qeyri-adi və bir o qədər də mübahisəli yeni bir dəb geniş vüsət alıb. İnsanlar sevdikləri şəxslərə sədaqətlərini sübut etmək üçün öz saçlarından, qanlarından, hətta vəfat etmiş yaxınlarının məzar torpağından hazırlanan aksesuarlar, təsbehlər və boyunbağılar hədiyyə edirlər.
Tanınmış həkim, professor Adil Qeybulla bu prosedurun yaratdığı tibbi təhlükələr barədə xəbərdarlıq edib. O bildirib ki, qan götürülməsi yalnız xəstəxana şəraitində, steril mühitdə həyata keçirilməlidir:
“Qan götürülməsi proseduru müstəsna şəkildə tibb müəssisəsində icra olunmalıdır, çünki burada sterilliyin gözlənilməsi həlledici şərtdir. Ev şəraitində qan götürülməsi və onun hansısa məqsədlə istifadəsi tamamilə yolverilməzdir. Bəzi insanların qanında Hepatit və ya HİV (QİÇS) kimi təhlükəli infeksiyalar ola bilər. Qeyri-peşəkar müdaxilə zamanı bu viruslar həm qanı götürən, həm də onunla təmasda olan şəxslərə keçə bilər”.
İlahiyyatçı Tural İrfan isə bu trendin mənəvi tərəfinə toxunaraq, bunun dinimizə zidd olduğunu vurğulayıb. O, bu cür hərəkətlərin heç bir halda sevgi və ya sədaqət nümunəsi ola bilməyəcəyini qeyd edib:
“Bu məsələlər xarici təsirlər nəticəsində formalaşan satanizmin, şeytanpərəstliyin və cadugərliyin elementlərini ehtiva edir. İnsanın öz əzalarını və bioloji qalıqlarını bu cür işlərdə məsrəf etməsi, belə məsələlərə qərar verməsi dinimiz tərəfindən qətiyyətlə rədd edilir. Bu, insana xoşbəxtlik gətirən bir addım deyil və heç kimin məhəbbətinin isbatı kimi qəbul edilə bilməz”.
Bu barədə Baku TV-nin videomaterialında bildirilir.













