Bakıdakı “İdeal” şadlıq evinin fəaliyyəti dayandırılıb – VİDEO – FOTObackend

Bakıdakı “İdeal” şadlıq evinin fəaliyyəti dayandırılıb – VİDEO – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli şadlıq evinin fəaliyyətini dayandırıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 196 ünvanında yerləşən “İdeal” şadlıq evində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Qeyd olunub ki, obyektdə yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb və mövcud qurğulara xüsusi lisenziyası olan təşkilatlar tərəfindən xidmət göstərilməyib; elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib; obyektdə standarta uyğun olmayan elektrik qızdırıcı cihazlardan istifadə olunur; obyektdə yanar materiallardan olan bəzək əşyaları mövcuddur; obyekt odsöndürən balonlarla tam təmin edilməyib; taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb; təxliyə planı mövcud deyil; pilləkən qəfəsində anbar otağı quraşdırılıb; obyektin pəncərələrinə metal barmaqlıqlar quraşdırılıb; obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “İdeal” şadlıq evinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.