Bakının COP29-a ev sahibliyini qəbul edə bilməyən Ermənistan və himayədarları: qurulan oyunlar pozulur – ANALİZbackend

Bakının COP29-a ev sahibliyini qəbul edə bilməyən Ermənistan və himayədarları: qurulan oyunlar pozulur – ANALİZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycana qarşı son dövrlər bir çox dövlətlərin təzyiq və riyakarlığının intensivləşdiyi müşahidə olunur. Əslində, bu, təəccüblü də deyil. Əksinə, gözləniləndir. Çünki əvvəllər də oxşar hadisələr olub: Azərbaycan hər dəfə beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi etməyə hazırlaşanda müxtəlif aktorlar provokasiya yolunu tutur, prosesə mane olmağa çalışırlar. Rəsmi Bakıda artıq belə cəhdlərə qarşı immunitet də formalaşıb.

Məsələn, 2015-ci ildə Azərbaycanda keçirilən Birinci Avropa Oyunları, 2017-ci ildə Bakının ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları, həmçinin “Formula 1” yarışları, Avroviziya musiqi yarışması kimi mühüm tədbirlər ərəfəsində də oxşar cəhdlərin şahidi olmuşduq.

Maraqlıdır ki, adətən belə tədbirlər ərəfəsində beynəlxalq güclər öz oyunlarını oynamaqla yanaşı, həm də Ermənistan “kartından” istifadə edirlər.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, Fransa Azərbaycanın COP29-a ev sahibliyini qəbul edə bilməyən dövlətlər arasında başdadır və bu, açıq-aydın hiss olunur. Bir müddət əvvəl Parisdə keçirilən növbəti Yay Olimpiya Oyunlarında sözün əsl mənasında biabır olan Yelisey Sarayı indi Azərbaycanın COP29-u uğurlu, layiqli şəkildə keçirəcəyindən əmindir. Ona görə də indidən beynəlxalq ictimaiyyət arasında mənfi rəy yaratmağa çalışır.

COP29 yaxınlaşdıqca məlum anti-Azərbaycan qüvvələr “insan hüquqları” bəhanəsi ilə Azərbaycana qarşı hücumlarını intensivləşdiriblər. Erməni lobbisi ilə sıx əlaqəli olan “Freedom House”, “Human Rights Watch” və digərləri əvvəllər ermənipərəst motivlərini gizlətməyə çalışırdılarsa, artıq bunu açıq şəkildə edirlər. Bu hücumları həmin təşkilatların erməni mənşəli əməkdaşlarının özləri həyata keçirir. Eyni zamanda, bu təşkilatlar irqçi düşüncəyə malik digər erməni aktivistlərin bütün hücumlarını dəstəkləyirlər. Buna son nümunə isə “Freedom House”un erməni millətçisi Şeyla Paylan tərəfindən “Newsweek”də yayımlanan böhtan dolu məqaləni dəstəkləməsidir.

Görünən odur ki, nə Ermənistan, nə də ondan alət kimi istifadə edən havadarları Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlərə, o cümlədən COP29-a ev sahibliyi etməsini qəbul edə bilmirlər. Çünki bu, rəsmi Bakının beynəlxalq aləmdə artan nüfuzundan, etimadından xəbər verir. Erməni lobbisi ilə sıx əlaqəli olan “Freedom House”, “Human Rights Watch” kimi təşkilatlar isə bunu həzm edə bilmir, Azərbaycanın uğurlarına kölgə salmağa cəhd edirlər.

Rəsmi Bakı baş verənlərin, qurulan oyunların fərqindədir. Azərbaycan Xarici İşlər Nazirliyinin bu yaxınlarda yaydığı bəyanatda bildirilib ki, Ermənistanın Azərbaycana COP29-la bağlı səfər etməkdən çəkinməyə çağıran yalan dolu təbliğatı təəssüf doğurur.

Daha əvvəl Qərbi Azərbaycan İcması da (QAİ) Fransa və Ermənistanın riyakarlığı barədə bəyanat yaymışdı.

Ölkələrində insan haqları kobud şəkildə pozulur, söz və mətbuat azadlığına əməl olunmur. Ancaq əvəzində digər ölkələri hədəfə alırlar. Məsələn, Fransa və ABŞ-də dini ayrı-seçkilik, o cümlədən islamofobik meyillər getdikcə güclənir. Polislər, demək olar, toplaşmağa icazə vermirlər. Adıçəkilən Qərb ölkələrində hüquq-mühafizə orqanlarının zorakılıqları fərqli ölkə KİV-inin manşetlərindən düşmür. Bu, o deməkdir ki, Qərb ölkələri öz standartlarından yalnız digər ölkələri idarə etmək, başqa sözlə desək, manipulyasiya məqsədilə istifadə edirlər.

Yeri gəlmişkən, xatırladaq ki, COP29 ərəfəsində Ermənistanın hərbi təxribatları da intensivləşib. Bu da təsadüfi deyil. Qərb ölkələrinin təsiri altında olan Ermənistan bu yolla COP29 ərəfəsində bölgədə süni gərginlik yaratmaq, o cümlədən Bakıya gəlməsi gözlənilən rəsmi şəxsləri bu səfərdən çəkindirmək istəyirlər.

Beləliklə, görünən odur ki, Qərb dairələri və Ermənistan Azərbaycana qarşı çirkin kampaniya aparırlar.

Əlbəttə, bu cəhdlər heç bir nəticə verməyəcək. Necə deyərlər, sirkə nə qədər tünd olarsa, öz küpünü çatladar.

Rəsmi Bakıda belə təzyiqlərə qarşı artıq immunitet formalaşıb. Azərbaycan ona qarşı qurulan oyunlardan hər dəfə uğurla, daha güclü çıxır. Bu, onu deməyə əsas verir ki, bütün destruktiv səylərə baxmayaraq, Azərbaycan COP-29-a uğurla ev sahibliyi edəcək, daha da güclənəcək, inkişaf edəcək. Olan isə qarşı tərəflərin özlərinə olacaq. Onlar Cənubi Qafqazın ən güclü siyasi aktoru olan və beynəlxalq müstəvidə getdikcə nüfuzu artan Azərbaycanla əməkdaşlıq imkanlarını məhdudlaşdırmış olacaqlar.