Bakının hərbi əməliyyatlar planı qaçılmaz hal alacaqbackend

Bakının hərbi əməliyyatlar planı qaçılmaz hal alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Onsuz da, Azərbaycanın hərb gücü ilə Qarabağ düyününü açması qlobal oyun qaydalarındakı dəyişiklik zərurətlərinə proyeksiya edilmişdi”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov Ermənistan eks-müdafiə naziri Artak Zakaryanın “regionda yeni müharibənin qazanı qaynamaqdadır. Üstəlik, bu dəfə bu müharibəyə bütün xarici qüvvələr cəlb oluna bilər” açıqlamasına şərh verərkən deyib.

Analitik, öz növbəsində əlavə edib ki, 44 günlük müharibədən sonra Qarabağ mövzusu daha böyük hədəflər uğrunda mübarizə ilə inkişaf etdirildi ki, bu da qlobal emosiyaları qızışdırdı:

“Ümumi xətdə Fransa və İranı çıxmaq şərtilə Azərbaycana qarşı prinsipial mövqe sərigləyən ölkə yoxdur; ABŞ-dan verilən ikibaşlı açıqlamalar isə sadəcə onun Rusiya ilə gərgin münasibətlər ruhundan irəli gəlir.

Regionda Britaniya ilə Fransanın da bir-birinə qarşı mübarizəsi gedir. ABŞ-la Paris isə eyni nöqtədə görünsələr də, əslində, Vaşinqton Fransanı da kənara itələmək marağından çıxış edir. Çünki Fransanın xarici siyasəti Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin möhkəmlənməsinə xidmət edir”.

Politoloq əlavə edib ki, hazırda regionda oyunçuların mübarizəsi gizli müstəvidən aşkar fazaya keçir:

“Azərbaycan isə bunun regional sabitliyə və sülhə təhdid yarada biləcək miqyasını Türkiyə ilə birgə ölçür. Ona görə də, Azərbaycan öz təhlükəsizlik dərəcəsini hərbi variantlarla gücləndirmək məcburiyyətindədir ki, həm masada, həm də hərb mövqelərində əli iti olsun”

“Hesab edirəm ki, Ermənistan Azərbaycanın tələblərinin hamısına uyğun cavab vermədikcə və ya bundan boyun qaçırdıqca, Bakının hərbi əməliyyatlar planı qaçılmaz hal alacaq. Bu fikirdəyəm ki, hazırda əməliyyatların peşəkar şəkildə aparılması, hara qədər irəliləmək barədə müzakirələr aparılır. Yəni masada olan güc tətbiqi ssenarisinin detalları dəqiqləşdirilir”.