Bakının mərkəzindəki MTK-nın növbəti qanunsuz istəyi nədir? – ŞİKAYƏT – VİDEObackend

Bakının mərkəzindəki MTK-nın növbəti qanunsuz istəyi nədir? – ŞİKAYƏT – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 ilə Nizami küçəsi, ev 4 ünvanlarının kəsişməsində yerləşən 167 mənzillik “Pilot Residence” MTK-nın sakinlərlə problemləri davam edir.

Bu barədə NOCOMMENT.az-a bina sakinləri məlumat verib.

Xatırladaq ki, bir neçə həftə öncə Bakı Appelyasiya Məhkəməsi MTK-nın appelyasiya şikayətini rədd edərək, Səbail Məhkəməsinin “Pilot Residence” ərazisində bütün qanunsuz tikililərin ləğvi barədə Qətnaməsini dəstəkləməklə MTK tərəfindən aparılan qanunsuz tikintilərin dayandırılması və o cümlədən bu günə qədər qanunsuz inşa olunan tikililərin söküntüsünə qərar verilib. Lakin Babək İsmayılovun rəhbərlik etdiyi bu tikinti şirkəti heç bir tədbir görməyib, əksinə yeni qanunsuz addımı ilə növbəti dəfə sakinlərin qəzəbinə tuş gəlib.

Binada yaşayan sakinlərin sözlərinə görə, MTK tərəfindən budəfəki layihədən kənar istəkləri daha təhlükəlidir. Belə ki, onlar 2017-ci ildə təsdiqlənmiş pilot layhədən icazəsiz olaraq kənara çıxıb binanın Rostropoviçlər küçəsi hissəsindən divarını və müvafiq olaraq bünövrə olan torpağı 6 metr dərinliyində yarıb dağıdaraq zirzəmiyə yol açmaq, avtomobillər üçün parklanma girişi yaratmaq niyyətindədirlər. Bununla da yol qapanacaq və həyətə yanğınsöndürmə və digər xüsusi – üstün hərəkət rejiminə malik nəqliyyat vasitələrinin girişi məhdudlaşacaq.

“Biz sakinlər hər zaman MTK ilə yaxşı münasibəti saxlamağa çalışır, bir xoş, faydalı təşəbbüs olanda onlarla məsləhətləşirik, heç bir qaydanı pozmuruq. Lakin son ay yarımda həyətimizdə, idarəetmə sistemində heç bir müsbət dəyişiklik, irəliləyiş yoxdur. Şikayətlər artır. İndi də Səbail rayon icra Hakimiyyətinin qeyri-rəsmi dəstəyi ilə binanın Rostropoviçlər küçəsi hissəsindən divarını və müvafiq olaraq bünövrə olan torpağı 6 metr dərinliyində yarıb dağıdaraq avtomobillər üçün parklanma girişi yaratmaq istəyirlər. Guya ki, sakinlər razıdır buna… Yalandır! Kim icazə verib onlara?! Dediklərinə görə, FHN-dən həlledici sayılmayan əlaqələndirici rəy alıblar. Sakinlərin iradəsinin əksinə olaraq dövlət layihəsindən keçmiş binanın divarını dağıtmaq birbaşa cinayətdir. Məqsəd isə əlavə qazancdır. Və kiminsə qazanması üçün niyə biz sakinlərin qəbri qazılmalıdır?! Qanunsuz işlərə biz sakinlər və inanırıq ki, dövlətimiz də icazə verməyəcək. Şəhərsalma, tikinti məcəlləsindən kənar bir iş görülməsinə imkan verilməyəcək. 2017-ci ilin iyun ayındə Səbail rayon icra Hakimiyyəti tərəfindən təsdiqlənmiş bu pilot layihədə hər bir binanın özünün həyəti, yolu, giriş-çıxış və parklanma sahəsi qeyd olunub. Bizə qonşu “Caspian” tikinti şirkəti öz binasının həyətini abadlaşdırmaq, başqa işlər görmək istəyirsə, bunu bizim binaya zərər verməklə etməsinlər. Amma bilirik ki, bunlar bəhanədir. “Caspian” öz sakinlərinin avtomobillərinin parklanma sahəsini genişləndirmək istəyir.”

Sakinlər “Pilot Residence” MTK tərəfindən 2020-ci ildə tikilərək təhvil verilən bu yaşayış kompleksində bir neçə dəfə layihədən kənar tikintilər həyata keçirilməsini və bununla bağlı bütün ictimaiyyətin, KİV-in məlumatlı olmasını da qeyd ediblər. İndi isə bu addımın daha təhlükəli olduğunu, binanın altında daim avtomobillərin hərkətindən dolayı vibrasiyanın artacağını və çatlar yaranması ehtimalının olacağını vurğulayırlar. Ərazinin yeraltı quyularla bol olduğunu nəzərə alaraq ötən ilin fevralında qardaş Türkiyə respublikasında baş verən dəhşətli zəlzələnin fəsadlarını göz önünə gətirməyin vacibliyini bildirirlər.

Sakinlər bu dəfə də əsas ümid yeri olaraq ölkə başçısı cənab İlham Əliyevə və Azərbaycanın Birinci xanımı Mehriban Əliyevaya inanırlar və onların bu qanunsuzluqla bağlı reaksiyasını gözləyirlər. Şikayətçilər bu işdə məsuliyyəti isə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, “Pilot Residence” MTK və “Caspian” MTK-nın daşıyacağını qeyd edirlər.