Bakıxanov qəsəbəsində binada sənədləşmə PROBLEMİ – VİDEObackend

Bakıxanov qəsəbəsində binada sənədləşmə PROBLEMİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsi 369 ünvanında sakinlərin narahat edən bir məsələ var.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, burada yerləşən 3 mərtəbəli, 18 mənzillik yaşayış binasının tikintisi 2019-cu ildə başlayıb, sakinlər isə 2023-cü ildən etibarən burada məskunlaşıb. Lakin bura kağız üzərində hələ də fərdi yaşayış evi kimi görünür. Yəni faktiki çoxmənzilli binadır, amma hüquqi status fərqli olduğu üçün çıxarış yalnız ümumi pay şəklində verilib.

Bu səbəbdən nə mənzilin sahibi olmaq, nə onu satmaq, nə də ipoteka predmeti etmək mümkündür. Çünki çıxarışda hər kəsin 1 mənzili yox, yalnız payı görünür. İkinci problem isə qeydiyyatdır. Kimsə ünvana qeydiyyata düşmək üçün bütün payçıların imzasını toplamalıdır. Bu isə demək olar ki, mümkünsüzdür.

Tikilinin inşasını sahibkar Rövşən Hüseynovun etdiyi, torpaq sahəsinin isə onun həyat yoldaşı Lalə Hüseynovanın adına olduğu bildirilir. Sakinlər istəyirlər ki, tikili çoxmənzilli yaşayış binası kimi rəsmiləşdirilsin, mənzillər ayrılıb hər birinə fərdi çıxarış verilsin. Bu baş verərsə, nə ipoteka, nə satış, nə də qeydiyyat problemi qalmaz. Binanın kommunal ödənişləri də ayrıca mübahisə mövzusudur. Sakinlərin sözlərinə görə, su, işıq və digər xidmət haqları komendantın həyat yoldaşının şəxsi bank kartına göndərilir. Yerləşdirmə isə nə rəsmi müqavilə, nə də dövlət qeydləri ilə rəsmiləşdirilib.

Sözügedən problemlə bağlı Rövşən Hüseynovla əlaqə saxladıq. O iddiaları qəbul etmədi və bildirdi ki, hər kəs özü gedərək aidiyyəti qurumdan tək çıxarışını ala bilər. Üstəlik payçılar isətədikləri adamı rahatlıqla qeydiyata sala bilərlər. O ki, qaldı sayğacların hər mənzil sahibinin adına deyil, ümumi olmasına, Rövşən Hüseynov bildirdi ki, hazırda bunun üzərində iş aparılır və yaxın günlərdə məsələ həll ediləcək.

Hüquqşunaslar isə bildirirlər ki, məsələ deyildiyi kimi sadə deyil. Başqa sözlə, hər kəsin ayrı-ayrı çıxarış əldə etməsi, qeydiyyat prosesi və sayğac problemlərinin həlli üçün əvvəlcə zəruri addımlar atılmalıdır. Sakinlərin probleminin həlli üçün ilk olaraq binanın təyinatı dəyişdirilməlidir. Ardınca binanın çoxmənzilli yaşayış evi kimi təsdiqlənməsi üçün texniki pasport yenilənməli, mənzillərin sahəsi ayrıca ölçülərək hərəsi fərdi mülkiyyət kimi ayrılmalıdır. Bu mərhələdən sonra çıxarışlar da pay şəklində deyil, 18 ayrı mənzil üçün fərdi verilə bilər. Hüquqşünasların tövsiyəsi odur ki, sakinlər kollektiv şəkildə müraciət etsinlər. Yəni təkbaşına addım atmaqla bu proses mümkün deyil.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.