Azərbaycanda enerji sektoru ölkə iqtisadiyyatının mühüm dayaqlarından biridir. Xüsusilə köhnə, lakin strateji əhəmiyyətli neft yataqlarının yenidən istismara verilməsi son illərdə daha da aktuallaşıb. 2012-ci ildən fəaliyyətdə olan “Balaxanı Operating Company LTD” (BOC) bu istiqamətdə mühüm layihələrə imza atıb. Lakin bu şirkətin fəaliyyəti təkcə hasilatla yadda qalmır , işçilərlə münasibətlər, şəffaflıq, maaşlar və ətraf mühitə təsir kimi sahələrdə ciddi suallar ortaya çıxır.
“Balaxanı Operating Company” şirkəti Azneft İB-nin balansından çıxarılmış və uzun illər istismar olunmuş “Balaxanı-Sabunçu-Ramana” neft yatağında fəaliyyət göstərir. Şirkət öz veb saytında (balakhanioc.az) əsas məqsədini yataqların səmərəli işlənməsi, hasilatın artırılması və müasir texnologiyalarla əməliyyatların aparılması kimi təqdim edir.
NOCOMMENT.az xəbər verir ki, BOC eyni zamanda sosial və ekoloji layihələrlə də gündəmə gəlir. Ekoloji tədbirlər, ətraf mühitin mühafizəsi, məktəblilər üçün maarifləndirici aksiyalar və bəzən mədəni tədbirlər təşkil edilir. Ancaq bu vitrin görüntüsü, işçi münasibətləri və şəffaflıqla bağlı iddialar fonunda sarsılır.
Şirkət tez-tez işçilərə dəyər verdiyini və onların təhlükəsizliyini ön planda saxladığını bildirir. Hətta Ümumdünya Əməyin Mühafizəsi Günündə keçirilən tədbirlərdə işçilərin hüquqları və sağlamlıq məsələlərinin vacibliyi vurğulanır. Lakin bu açıqlamalara baxmayaraq, real mənzərə tam da bu deyil.
BOC ilə bağlı mediada yayılan çoxsaylı iddialar arasında maaşların gecikdirilməsi və ya qismən ödənilməsi xüsusilə diqqət çəkir. Bəzi keçmiş və hazırkı işçilər maaşların bəzən aylardır verilmədiyini, ödənişlərin isə qeyri-rəsmi yollarla aparıldığını bildirirlər. Bu, yalnız əmək qanunvericiliyinə zidd deyil, həm də şirkətin sosial məsuliyyət anlayışına ciddi zərbədir.
Şirkətdə “qohumbazlıq” məsələsi də gündəmdədir. Müstəqil mənbələrdə yayılan iddialara görə, rəhbər şəxslərin yaxınları və ailə üzvləri mühüm vəzifələrə yerləşdirilir. Bu isə həm daxildə narazılığa, həm də kənardan baxıldıqda şirkətin imicinə xələl gətirir. Bacarıqlı, lakin əlaqəsiz şəxslərin sistemdən kənarda qalması şirkətin inkişafına da mənfi təsir edir.
BOC-da işə qəbul prosesi ilə bağlı da suallar çoxdur. Əksər hallarda vakansiyalar rəsmi şəkildə elan edilmir və ya meyarlar açıq şəkildə göstərilmir. Bu da “tanışlıqla işə düzəlmə” tendensiyasının daha da gücləndiyini göstərir. Yeni qəbul olunanlar bəzən əmək müqavilələrinin şərtləri ilə son anda tanış olur və real maaşlar ilkin razılaşmadan fərqlənə bilir. Bəzi hallarda işə götürülən şəxslərə verilən vədlər kağız üzərində qalır.
BOC kimi ağır sənaye sektorunda fəaliyyət göstərən şirkətlərin əsas vəzifələrindən biri işçi təhlükəsizliyini təmin etməkdir. Rəsmi bəyanatlarda şirkət bu istiqamətdə çox iş gördüyünü desə də, sahə işçilərinin ifadələrinə görə, qoruyucu geyim və texniki təhlükəsizlik qaydaları kifayət qədər icra edilmir.
Gecə növbələri, sərt hava şəraitində çöl işləri və bəzən lazımi tibbi və texniki təminatın olmaması insan sağlamlığına ciddi təhlükə yaradır. Şirkət ekologiya məsələsində də bəzən ziddiyyətli görüntü verir. Rəsmi tədbirlərdə yaşıllaşdırma, tullantıların idarə olunması kimi məsələlərə toxunulsa da, bəzi hallarda ətraf ərazilərin çirklənməsi, göllərin qanunsuz doldurulması və süni torpaq əməliyyatları kimi qanunsuzluqlar mediada işıqlandırılıb.
“Balaxanı Operating Company” Zabrat gölünü doldururmuş
Məsələn, KİV-də yayılan məlumatlara görə, şirkətə qarşı ekologiya qanunvericiliyini pozduğu üçün inzibati cərimələr tətbiq olunub. Bu isə göstərir ki, “ekoloji məsuliyyət” yalnız kağız üzərində deyil, əməli fəaliyyətlə sübuta yetirilməlidir.
Şirkətə qarşı səslənən bu qədər iddiaya baxmayaraq, indiyədək heç bir ciddi dövlət yoxlamasının və ya ictimai araşdırmanın keçirilməməsi diqqətçəkicidir. Bu, həm şirkətin nəzarətsiz fəaliyyət imkanlarını genişləndirir, həm də işçilərin hüquqlarının qorunmasında boşluq yaradır. “Balaxanı Operating Company” Azərbaycanın neft sənayesində mühüm rola sahib olsa da, fəaliyyətində ciddi problemlər və tənqidlər var. (Bizimxeber.org)