“Balığın ucuzlaşacağı haqda fikirlərin əsası yoxdur” – Ekspertbackend

“Balığın ucuzlaşacağı haqda fikirlərin əsası yoxdur” – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Balıq ovuna tətbiq edilən qadağanın müddəti sentyabrın 1-də başa çatır. Balıqların kürüləmə dövrü ilə əlaqədar olaraq mayın 1-dən tətbiq edilən qadağadan sonra 4 aydır ki, balıq bazarlarında yalnız xaricdən gətirilən məhsullar satılır. Balıq satışı ilə məşğul olan satıcıların sözlərinə görə qadağanın müddətinin bitməsi balıq qiymətlərinin enməsinə səbəb olacaq.

NOCOMMENT.az xəbər verir ki, məsələylə bağlı Bakupost.az -a danışan iqtisadçı Xalid Kərimli isə balığın ucuzlaşacağıyla bağlı səsləndirilən fikirlərlə razı olmadığını bildirdi.

Onun sözlərinə görə, dənizdən və çaydan ovlanan balıqlar bazarda elə xüsusi çəkiyə malik olmadığına görə qiymətləri endirə bilməyəcək:

“Qiymətləri formalaşdıran əsasən, göl balıqçılığıdır. Onun da bu qadağalara heç bir aidiyyatı yoxdur. Yəni sahibkar özü şəxsi göl təsərrüfatında da balıq yetişdirir”.

İqtisadçı əsasən idxal məhsullarının bazarda qiymətləri formalaşdırdığını bildirib:

“Konkret hansısa balıq növünün qiymətində dəyişiklik ola bilər. Amma ümumi balıq bazarında qiymətlərin kəskin enişi gözlənilmir və bunun ciddi əsası da yoxdur. Çünki balıq məhsullarıyla yanaşı, quş, mal, qoyun ətinin də qiyməti yüksəkdir. İkincisi, enerji daşıyıcıların qiyməti artığı üçün balıqçıların da xərci artıb. İnflyasiya davam edir. Bu kontekstdə balığın qiymətinin düşəcəyini gözləmirəm. Epizodik olaraq hansısa böyük həcmli idxal gələrsə, eyni zamanda, göl təsərrüfatları bazara yüksək həcmdə məhsul çıxararsa, qiymətlər müvəqqəti olaraq enə bilər. Amma daha sonra qiymətlər indiki kimi stabil formalaşacaq. Görünən odur ki, ət bazarında qiymətlərin artımı bundan sonra da davam edəcək”.